AZ

İslam memarlığında inqilab: Səlimiyyə Məscidinin sirləri

Türkiyə tarix və memarlıq abidələrinin sanki açıq muzeyidir. Qardaş ölkənin hər daşı, hər qayası bir tarix yaşadır. Osmanlı memarlığının qızıl dövrünə damğasını vuran ən möhtəşəm tikililərdən biri də Ədirnədəki Səlimiyyə Məscididir. Bu məscid, Memar Sinanın "ustalıq əsərim" adlandırdığı və ömrünün zirvə nöqtəsi saydığı möhtəşəm bir memarlıq nümunəsidir.

Memar Sinan və Səlimiyyə Məscidinin İnşası
Səlimiyyə Məscidi, Qanuni Sultan Süleyman və Hürrəm Sultanın oğlu Sultan II Səlim tərəfindən inşa etdirilmişdir. Sultan II Səlim 80 yaşlı Memar Sinanı yanına çağıraraq, heç bir xərcdən çəkinmədən Ədirnədə onun adını daşıyan bir məscid tikilməsini tapşırır. Memar Sinan bu əzəmətli layihə üçün 1568-ci ildə inşaya başlayır və 1574-cü ildə, Sultan II Səlimin vəfatından dərhal sonra məscid ibadətə açılır.

Memarlıq Möcüzəsi: Səlimiyyə Məscidi
Memar Sinan, bu məscidi inşa edərkən daha əvvəl heç bir məsciddə və ya qədim məbəddə rast gəlinməyən yeni texnikalardan istifadə edib. Sütun və başlıqlarda qədim Misir mədəniyyətinin lotus bəzəklərindən ilhamlanaraq unikal dizayn yaradıb. Məscidin həyətində yerləşən su bulağı da digər məscidlərdən fərqlənir: bulağın altına yerləşdirilən kiçik hovuzlar suyun ətrafa sıçramasının qarşısını alır.

Məscidin əsas xüsusiyyətlərindən biri də 43 metr hündürlüyündə və 32 metr diametrində olan qübbəsidir. Bu möhtəşəm qübbə 8 sütuna söykənən bir təməl üzərində inşa edilib. Məscidin daxilində 6000 nəfər eyni anda ibadət edə bilər.

Səlimiyyə Məscidindəki minbər isə Türk-İslam sənətinin şah əsərlərindən biri sayılır. Minarələrin balkonlarına çıxmaq üçün üç ayrı pilləkən var və azan oxumağa qalxan müezzinlər bir-biri ilə qarşılaşmır, bu da tikilinin nə qədər düşünülmüş bir sistemə malik olduğunu sübut edir.

Sadəlikdəki Möhtəşəmlik
Məscidin diqqətçəkən xüsusiyyətlərindən biri də sadə, lakin möhtəşəm dizaynıdır. Qırmızı və ağ rənglərin harmoniyası, məscidin daxilində insana rahatlıq hissi bəxş edir. Dörd minarə isə İslam memarlığının incəlik və gözəlliyini əks etdirən nümunələrdəndir.

Memar Sinanın Qüsursuzluğa Baxışı
Memar Sinan öz həyatından bəhs etdiyi əsərində "Bəndə Allahın qarşısında qüsursuz olmamalıdır" deyərək, qüsursuz inşa etdiyi məscidə şüurlu şəkildə bir qüsur əlavə etdiyini bildirir. Bu, onun sənətkarlığı qədər fəzilət sahibi olduğunun da sübutudur.

Əbədiyyətə Ucalan Şah Əsər
Səlimiyyə Məscidi, Ədirnənin siluetinə hakim mövqedə yerləşir və hər il minlərlə yerli və xarici turist tərəfindən ziyarət edilir. Memar Sinan öz əsərlərinin gələcəkdə də tanınacağını düşünərək demişdi: "Gələcəkdə bu işin mütəxəssisləri mənim əsərlərimi xeyir-dualarla anacaqlar." Bu sözlər günümüzdə də öz təsdiqini tapır və Səlimiyyə Məscidi bu dahiyanə memarın adını tarixdə yaşatmağa davam edir.

Seçilən
15
2
fins.az

3Mənbələr