"Birgə turizm əməkdaşlığının ölkəmiz üçün xeyri çox olacaq" — Ekspert
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Turizm eksperti Ceyhun Aşurov bununla bağlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, 2024-cü il noyabrın 15-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minmiş hesab olunur:
“Əvvəllər də bir neçə dəfə Türkiyənin rəhbər orqanları ilə Dövlət Turizm Agentliyi arasında görüşlər olub. Bununla bağlı müxtəlif fikir mübadilələri aparılıb. Artıq bu sazişlə iki ölkə arasında turizm sahəsində birgə fəaliyyətin təşkil olunması, turizm bazarlarında marşrutların hazırlanmasında, eyni zamanda ölkənin tanıdılması istiqamətində daha böyük çərçivədə işlərin görülməsinə şərait yaradacaqdır. Çünki bu saziş beynəlxalq təşkilatlarda da təmsil olunacaq. Eyni zamanda turizm sahəsində təhsil ilə bağlı burada da əməkdaşlıq, investisiyanın təşviqi, ən əsası da birgə turizm marşrutlarının yaradılması nəzərdə tutulur. Bildiyimiz kimi Türkiyə turizmdə bağlı top 10-luqda olan ölkədir. Türkiyə ilə paralel addım ataraq birgə məkanın tanıdılmasını həyata keçirəcəyik. Eyni zamanda saziş Azərbaycana daha çox turistin gəlməsinə, ölkənin daha çox tanınmasına xidmət etmiş olacaqdır. Burada digər maraqlı məqam ölkəmizin maraqlı, gəzməli yerlərinin Türkiyə filmlərində əks olunmasıdır. Bu da insanları cəlb edir. Türkiyə turizmdə öz sözünü demiş ölkədir. Birgə turizm əməkdaşlığının ölkəmiz üçün xeyri çox olacaqdır”.
Leyla Turan
Demokrat.az