AZ

“Məsələ təkcə Sadıqovla bağlı deyil, kadrları öz gözlərimlə görmüşəm” – Murovdağ əməliyyatı ilə bağlı YENİ AÇIQLAMA

Birinci Qarabağ müharibəsi dəhşətli faciələrlə yadda qalıb. Minlərlə dinc azərbaycanlı qətlə yetirilib. Əsir düşən soydaşlarımıza olmazın işgəncələri verilib. Kəndlər, şəhərlər işğal olunub, kütləvi qırğınlar baş verib. Nəticədə Qarabağ və ətrafındakı yeddi rayon düşmən tapdağı altında düşüb. 1994-cü ilin fevralında Kəlbəcərin azad olunması üçün keçirilən əməliyyatda 701 saylı Motoatıcı Briqadanın hərbçiləri iştirak edib. Briqadanın şəxsi heyəti ümumilikdə 3 500 nəfər hərbi qulluqçudan ibarət olub. Nəticədə əməliyyat baş tutmayıb və əsgərlərimizin əksəriyyəti şaxtalı havada donaraq həyatını itirib. 1994-cü il fevralın 14-də baş verən həmin faciədən 31 il ötür və əməliyyata cavabdeh şəxslər hələ də cəzalanmayıb.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov Murovdağ hadisəsini böyük faciə adlandırıb:

“Murovda yüzlərlə Azərbaycan əsgəri həlak olub, xəsarət alıb. Bu gün də aralarında donvurmadan ayaqlarını itirən insanlar var. Əməliyyata Silahlı Qüvvələrin Qərargah rəisi olmuş Nəcməddin Sadıqov rəhbərlik edib. Məsələ təkcə Sadıqovla bağlı deyil. Döyüşü kim idarə edib və yerdə qərarları kim verib, həmin adamlarla bağlı da fikir səsləndirilməlidir. Hadisənin üstündən 30 ildən çox vaxt keçib. İndi hər kəs sosial şəbəkə üzərindən sabiq baş qərərgah rəisini günahlandırır. Mən döyüşlərdə Füzulu istiqamətində olmuşam. Füzulidə, mənim xidmət keçdiyim hərbi hissə və briqadada baş vermiş hadisə haqqında konkret fikir söyləyə bilərəm. Amma məndən yüz kilometrlərlə aralıda baş verən hadisəylə bağlı nəsə söyləsəm də deyəcəklər ki, kimisə müdafiə edir. Həmin hadisələrin video kadrlarına baxmışam. Ağır şəraitdə yaralıların çıxarılması, don vurmuş əsgərlərin cəsədləri, o cümlədən yaralı ikən hərəkət edib sonradan taqətdən düşüb don vuran əsgərlərin görüntülərini də görmüşəm. Çox dəhşətli faciə baş verib. Çox təəssüf ki, biz belə hadisələri ancaq ildönümlərdə xatırlayırıq. Faciələr televiziyalarda işıqlandırılmır. Dünən Qaradağlı faciəsinin ildönümü idi. Hansı televiziya kanalı bu bərədə bir kəlmə danışdı? Murovda baş verən faciənin 31 ili tamam olanda da bütün televiziyalar susdu. Bilirsiniz niyə? Bu gün televiziyalar müğənniləri reklam etməklə məşğuldur. Televizoru açanda elə bilirsən toyxanadı. Hamı müğənni çağırıb pul qazanmaqla məşğuldur. Heç kimin yadına belə faciələr düşmür. Çox qəşəng danışırıq, amma nəticə yoxdur”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr