AZ

İki dövlət arasında təhsil sahəsində əməkdaşlıq hansı töhfələr verə bilər?

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəhbərliyi ilə görüşüb və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Görüşdə Ukrayna universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib və xüsusi diqqət Xerson Dövlət Dəniz Akademiyasına yönəlib. Əsas mövzular birgə konfranslar, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom məsələləri olub.

İki dövlət arasında təhsil sahəsində əməkdaşlıq hansı töhfələr verə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, Azərbaycan və Ukrayna arasında ali təhsil istiqamətində əməkdaşlığı bizim universitetlər üçün müəyyən mənada faydalı olacaq:



“Birgə konfranslar, tələbə mübadiləsi, ikili diplom, eləcə də digər layihələrdən fayda gözləyə bilərik. Həmçinin, Ukrayna universitetlərinin elmi tədqiqatçılıq istiqamətində böyük təcrübələri var. Biz həm də ortaq əməkdaşlıq çərçivəsində bu detalı xüsusi qabartmalı və bunun həyata keçməsini ürəkdən istəməliyik. Çünki həqiqətən də yerli ATM-lərimizin bu gün elmi tədqiqat müstəvisində irəliləməsinə, dünya reytinqlərində bu faktor əsasında da daha ön planda yer almasına xüsusi ehtiyac var. Ümumiyyətlə, tədqiqat mühiti çağdaş universitet modeli üçün ən vacib məsələlərdən biridir. İnanırıq ki, adıçəkilən əməkdaşlıq çərçivələri ilə yanaşı elmi tədqiqat məsələlərinə də xüsusi yer ayrılacaq”.

Ekspert onu da qeyd edib ki, hazırda 4-cü ildir ki, ölkə üzrə müəllimlərin sertifikatlaşıdırlması prosesi gedir:

“Bir neçə aydan da sonra kimya, biologiya, fizika, informatika və coğrafiya müəllimləri üçün bu proses başlanacaq. Ukrayna son illərdə müəllimlərin sertifikasiyası istiqamətində xeyli irəliləmiş və beynəlxalq müstəvidə müsbət nümunə kimi göstərilən dövlətlərdəndir. Yeri gəlmişkən, bu dövlətlər sırasında Qazaxıstanın da adını çəkə bilərik. Ukraynada sertifikatlaşdırma prosesinin ən uyğun mexanizmlərinin bizdə də tətbiq olunması, bu istiqamətdə iki dövlət arasında qarşılıqlı əməkdaşlıqların həyata keçirilməsi çox fayda verəcək”.

Leyla Turan
Demokrat.az

Seçilən
11
demokrat.az

1Mənbələr