Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.
Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin son bir il müddətində övladını narahat etdiyini, dərsə gedib-gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.
Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, rədd edilmə qorxusu, sosial fobiyalardan biri kimi tanınır:

“Bu qorxuya sahib olan insanlar, etdikləri və ya dedikləri bir şeyə görə rədd ediləcəkləri düşüncəsinə qapıla bilərlər. Şəxs, özünü olduğu mühitdə pis vəziyyətə salınacağını və ya başqaları tərəfindən qəbul edilməyəcəyini düşünə bilər. Bu cür qorxu, insanın özünə inamını azaldır və onu daha içə qapanıq bir hala gətirir.Cəmiyyətdə kişilərin qadınlara qarşı zorakılıq hərəkətlərinin artmasına səbəb oğlan uşaqlarının sərbəst, qız uşaqlarının isə daha məhdud şəraitdə, çərçivə daxilində böyüdülməsidir. Oğlanlar "yox" cavabını qəbul edə bilmirlər. Rədd edilmə, əslində, həyatın təbii bir hissəsidir. Lakin, bu vəziyyət davamlı və uzun müddət təkrarlansa, insanda rədd edilməyə qarşı həddindən artıq həssaslıq yarana və bu da mental sağlamlığa mənfi təsir göstərə bilər. Get-gedə nəsillər cırlaşır, niyə? Çünki uşaqları cəmiyyət içərisində bir-birindən üstün olduqlarını demək, əsaslı-əsassız tərifləmək onların gələcəkdə xaraktersizləşməsinə gətirib çıxarır. Ailələr övladlarına "yox" deməyi və bunun mahiyyətini izah etməyi bilmirlər əsasəndı oğlan uşaqlarına. Bu da bizim ailə modelimizin korlanmasına gətirilib çıxarılır”.