Fevralın 24-də Rusiyanın Ukraynada apardığı açıq savaşın üç ili tamam olur. Bu müddət ərzində elə ciddi dəyişiklik baş verməyib. Çünki rəsmi Kiyevin müharibədə əsas hədəfi ərazi bütövlüyünü təmin etmək, NATO və Avropa İttifaqına inteqrasiya, yaxud ona yaxın bir mərhələyə çatmaqdır.
Rusiyanın məqsədi Ukraynanın şərq hissəsini ələ keçirmək, onun NATO və Avropa İttifaqına inteqrasiyasının qarşısını almaqdır.
Bu məsələdə məntiqlə ABŞ, Aİ və NATO Ukraynaya hərbi, siyasi, humanitar yardım göstərməlidir.
Ancaq hadisələrin gedişi göstərir ki, Ukraynanın ümidləri özünü hələ doğrultmur. Onu müdafiə edən və dəstəkləyən "Ramştayn" blokunun 50-dən çox üzvü var. Ancaq onların keçirdiyi çoxsaylı toplantılar Ukraynanın ərazi bütövlüyünü təmin etməyə yetərli deyil.
ABŞ, Avropa İttifaqı, Yaponiya, Kanada, Cənubi Koreya və başqaları bu blokun üzvləridir.
Ancaq hadisələrin gedişatı "Ramştayn" qrupunun üzvləri arasında ziddiyyət olduğunu üzə çıxarıb. Beləliklə, hədəf Ukraynanın NATO, yaxud Avropa İttifaqı üzvü və ya ABŞ-nin bərabərhüquqlu müttəfiqi olması deyil, bu ölkənin sərvətləri üzərində nəzarəti əldə etməkdir.
Onlar az qala torpaqların bir hissəsini Rusiyanın ilhaq belə etdiyini unudur, onu görməzdən gəlir, yaxud heçə sayırlar.
Avropanın son üç ildə Ukraynaya ayırdığı yardımların ümumi həcmi ABŞ-ni ötüb. Aİ üç ildir davam edən müharibəyə görə Ukraynaya 133, ABŞ isə 114 milyard dollar ayırıb. Ukrayna daha çox Avropanın verdiyi böyük miqdarda texnika ilə silahlanıb. Aİ, həmçinin bir neçə il ərzində 115 milyard dollar da yardım ayırmağı planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə iddia edib ki, ABŞ-də ölkəsinə 177 milyard dollarlıq hərbi yardım ayrılması qəbul olunub. Ancaq bu məbləğdən onlar 76 milyard dollara yaxın yardım alıblar.
Deməli, heç 114 milyard dollara da çatmayıb.
Donald Tramp prezident olandan sonra Rusiya-Ukrayna müharibəsində sülhə nail olacağını israr edir.
ABŞ-nin irəli sürdüyü sülh planı rəsmi Kiyevi qane etmir. Çünki Donald Tramp ştatların Ukraynaya verdiyi hərbi texnikanın qarşılığında titan, litium və uran yataqlarına nəzarəti istəyir. Torpaqları ilhaq edilən ölkənin qanunlarına görə, xaricilərə 49 faizin 51-ə nisbətdə müqavilənin imzalanması mümkündür.
ABŞ bununla faktiki olaraq rəsmi Kiyevdən iqtisadi köləlik tələb edir.
Trampın Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Ukrayna üzrə danışıqlarda ABŞ Avropanın yerini görmür. Bununla belə, o əlavə edib ki, danışıqlarda Avropanın da maraqları nəzərə alınacaq. Xüsusi nümayəndə qeyd edib ki, vəziyyətin Minsk formatında tənzimlənməsinin tərəfdarı deyillər, çünki bu halda sülh prosesinə real təsir etmək imkanı olmayan iştirakçıların sayı çoxdur: “Biz o yolla getmək istəmirik”.
Beləliklə, ABŞ danışıqlar masasında ukraynalılar, rusiyalılar və amerikalıların olmasını istəyir.
Xüsusi səfirin Münxen təhlükəsizlik konfransındakı bu çıxışından belə qənaətə gəlmək olar ki, Ukraynadan pay almaq istəyənlər çoxdur, bu isə onları qane etmir.
ABŞ Ukrayna sərvətlərini Rusiya və Avropanın da maraqları nəzərə alınmaqla bölməyi təklif edir. Səudiyyə Ərəbistanında konkret müzakirə olunacaq sülh sazişi və ya təkliflər paketi ictimaiyyətə məlum deyil. Elə Zelenskinin danışıqlardan imtinasına səbəblərdən biri bu sayılır.
Avropa İttifaqı ABŞ ilə Ukrayna uğrunda mübarizədə geri çəkilmək, yaxud Vaşinqtonun verəcəyi payla razılaşmaq niyyətində deyil. İddia olunur ki, Böyük Britaniya və Fransanın başçılığı altında Avropa Ukraynaya hərbiçi göndərmək planını müzakirə edir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Parisdə qurumun toplantısında bildirib: “Biz Ukraynanın güc vasitəsilə sülhə layiq olduğunu təsdiqlədik. Müstəqillik, sülh, suverenlik, ərazi bütövlüyünə hörmət edən və təhlükəsizliyə etibarlı təminatları verən dünya istəyirik. Avropa Ukraynaya hərbi yardımın bir hissəsini tamamilə öz üzərinə götürür. Eyni zamanda, Avropada müdafiəmizi gücləndirməliyik”.
Zelenski fransalı həmkarı Makronla Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib. Bundan başqa, ötən gün Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukrayna və Avropanın təhlükəsizliyi, həmçinin davamlı sülhə nail olmağa kömək edəcək zəmanətlərdən danışıblar. Onlar “kövrək atəşkəs” kimi istənilən həll yolunun yalnız Rusiyanın növbəti aldatması və yeni müharibənin başlanğıcı ola biləcəyi qənaətinə gəliblər.
Makron, həmçinin Zelenskini digər liderlərlə danışıqları barədə bilgiləndirib və davamlı sülhə nail olmaq üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
Ona görə də belə ehtimal etmək olar ki, Avropa İttifaqı ABŞ-nin yardımı olmadan Ukrayna Rusiyaya qarşı müharibə apara bilər. Bu günlərdə Böyük Britaniyadan Ukraynaya təhlükəsizliyin təmin olunması üçün hərbçi göndərilməsinin mümkünlüyü ilə bağlı açıqlama yayılıb.
Volodimir Zelenskinin fevralın 15-də Münxendəki çıxışında Avropa ordusundan bəhs etməsi də yeni Aİ-nin yeni taktikasından xəbər verir. Zelenski deyib: “Biz Avropanın taleyinin yalnız, avropalılardan asılı olması üçün gəlin, Avropanın Silahlı Qüvvələrini yaradaq”.
Dünya güclərinin masası üzərində olan Ukraynanın nüfuz dairəsinə bölünməsi, sərvətlərinin paylaşdırılması prosesi gedir.
Üç ildə elə təəssürat yaranıb ki, ABŞ, Avropa İttifaqı və "Ramştayn" qrupu birlikdə Rusiyaya qarşı müharibədə uduzur. Ancaq Donald Trampın yenidən prezident olması, Münxen Təhlükəsizlik Konfransında avropalı və amerikalı rəsmilərin çıxışları fərqli mənzərəni üzə çıxarıb.
Ukrayna Avropa İttifaqı ailəsinin üzvü olmaq istəyir. Başqa sözlə, siyasi mənada Avropanın bir hissəsi olmaq istiqamətində mübarizə, müharibə aparır. Rusiya açıq savaşla, Çin, İran və başqaları yardımlarla ona qarşı çıxır. ABŞ isə Qara dənizə və Ukrayna sərvətlərinə nəzarəti ələ keçirmək üçün bu savaşın davam etməsini, yaxud onun irəli sürdüyü, arzuladığı barış planı üzrə reallaşmasına çalışır.
Belə ehtimal etmək olar ki, ABŞ Ukraynanın güzəştə getməsinə cəhd göstərəcək. Avropa İttifaqı isə artıq Ukraynanın özünü de-fakto bir hissəsi kimi görməyə başlayır. Çünki əks halda onun təbii sərvətləri, məhsuldar torpaqları əldən çıxacaq.
Aİ Ukrayna düyününün açılmasından uğurla çıxarsa, ABŞ-nin indiki və perspektivdə hədələrindən, danlağından da qurtula bilər.
Belə ehtimal etmək olar ki, Ukrayna müharibəsinə yanaşmada ABŞ ilə Aİ arasında ziddiyyət var, onların maraqları toqquşur. Bu da müharibənin uzanmasına səbəb olur. Trampla Putin Ukrayna məsələsində razılaşsa, necə olacaq? Bu halda Aİ oyundan kənar qalar. Ancaq ABŞ Avropa İttifaqı kimi bütün baxımlardan çox güclü müttəfiqindən məhrum olar.
Ukrayna ABŞ, Avropa İttifaqı da daxil olmaqla "Ramştayn" qrupuna arxayın olub Rusiya ilə müharibə aparır. Ancaq məlum oldu ki, Qərb blokunda qarşıdurma var.
Belə görünür ki, Ukraynanın da maraqlarının təmin olunması üzrə müharibənin başa çatması üçün ABŞ ilə Aİ-nin razılaşması vacibdir. Əks halda, bu savaş onillərlə davam edə bilər. Bu halda Ukraynanın milli sərvətləri qaçaq yolla talan ediləcək, generallar varlanacaq.
Ukrayna Rusiyaya qarşı müharibədə son 84 ildə ikinci dəfə arxayın oldu. Zelenskinin savaşı Stepan Banderanın apardığı müharibənin taleyini yaşaya bilər...