Telefonlar həyatımızın ayrılmaz bir parçasına çevrilib. Telefon asılılığı müasir cəmiyyətin ən geniş yayılmış, amma ən az diqqətə alınan problemlərindən biridir. Hər gün minlərlə insan, telefonlarına daha çox bağlanaraq real dünyadan uzaqlaşır.
Bəs telefon asılılığını necə aradan qaldırmaq olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, telefon asılılığı bir insanın mobil cihazına qarşı nəzarət olunmaz dərəcədə bağlı olması deməkdir:
"Telefon bir çox insanın həyatının əsasını təşkil edən bir vasitəyə çevrilib. Əlaqə qurmaq, işlərimizi idarə etmək, məlumat əldə etmək və əylənmək məqsədilə telefonlardan istifadə edirik. Lakin telefonların bu cür intensiv istifadə edilməsi zamanla asılılıq yaradır. Asılılıq isə şəxsin gündəlik həyatına pis təsir göstərir.
Telefon asılılığının ən böyük təhlükələrindən biri fiziki və emosional sağlamlıq üzərindəki mənfi təsirləridir. Telefon ekranına uzun müddət baxmaq gözlərdə yorğunluq və baş ağrıları kimi sağlamlıq problemlərinə səbəb olur".
Gülər Məmmədova qeyd etdi ki, telefon asılılığı narahatlıq, depressiya və digər psixoloji problemləri də gücləndirə bilər:
"Telefon asılılığı sosial münasibətlərə də mənfi təsir edir. Onlar ətraflarındakı insanlardan uzaqlaşırlar və cəmiyyətdən təcrid olunurlar. Ailələr və dostlarla ünsiyyət azalır. Sosial mediada daim paylaşım etməyə və başqalarının həyatını izləməyə yönələn təkan özünü müqayisə etmə hissini gücləndirir. Nəticədə, insanlar özlərini cəmiyyətin müəyyən standartlarına uyğun olmağa məcbur hiss edirlər və bu onlarda gərginlik yaradır. Telefon asılılığının bir başqa mənfi təsiri də iş həyatında hiss olunur. İş yerində mobil telefonların istifadəsi işçilərin məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır. Sosial media və şəxsi mesajlar iş saatlarında insanların diqqətini yayındırır və bu, işin keyfiyyətinə təsir edir".
Psixoloq diqqətə çatdırdı ki, telefon asılılığından qurtulmağın əsas addımı, telefon istifadə müddətini məhdudlaşdırmaqdır:
"Günün müəyyən saatlarında (məsələn, yemək vaxtı və ya yatmazdan əvvəl) telefonu bir kənara qoymaq, həm zehni rahatlamağa, həm də sosial əlaqələrinizi gücləndirməyə kömək edəcək".
Ülkər Abdurahmanlı