Din tədrisi məsələsində müxtəlif fikirlər var. Bu sahənin mütəxəssisi olaraq bir deyimi xatırlatmaq istəyirəm: “Müqəddəs yer boşluq qəbul etmir”. Bunu İlahiyyat İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, cəmiyyətimizin fərdlərinə, öz övladlarımıza bu barədə məlumat verməsək, başqaları gəlib məlumat verəcək: “Bu gün artıq bilik mənbələri çoxalıb. Əvvəllər bilik mənbəyi təkcə ailəmiz, daha sonra bağça, məktəb və universitet idisə, indi internet var. Bu gün bir çox məsələlərdə biliklərin çoxalması və təəssüf ki, korlanması baş verir. Uşaqlarda dinin sağlam bünövrəsi əvvəlcədən qoyulmalıdır. Amma bu biliklər hansısa bir dinin və ya dini ideologiyanın insanlara təlqin edilməsi şəklində olmamalıdır. Təsviri xarakterdə olmalıdır. Dünya təcrübəsindən istifadə oluna bilər. Məsələn, Avropanın bəzi ölkələrində din tədrisi seçmə fənn, bəzilərində isə əsas fənn kimi tədris edilir. Lakin bir din deyil, cəmiyyətdə mövcud olan dinlər başda olmaqla ümumilikdə dinlər haqqında da təsviri biliklər öyrənilməlidir. Dinlər haqqında məlumat verəcək bir fənnin olmasına bir ehtiyac var. Ölkəmizdə orta məktəblərdə “Həyat bilgisi” dərsliyində bu haqda məlumat verilir, tarix fənnində dinlər haqda müəyyən mövzuların daxilində məlumat var. Ədəbiyyat fənnində, xüsusilə orta əsrlər ədəbiyyatında bu barədə məlumatlara rast gəlmək mümkündür. Necə ki, ölkələrin coğrafiyası, tarixi haqqında tədris aparılır, eləcə də cəmiyyətdə mövcud olan bir fenomen kimi din haqqında da biliklərin verilməsi faydalıdır. Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də. Bu da bir növ tarixi bilgidir. Əgər biz bu bilgini doğru istiqamətdə verməsək, bu ya xurafatçılıq şəklində, ya da radikalizm formasında özünü göstərəcək. Dinin doğru şəkildə öyrədilməsi cəmiyyətin bütün təbəqələrinin, inanc sahiblərinin və inancsızların da xeyrinədir”.
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov deyir ki, indiyədək dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib: “Dövlət və dini qurumların yetkililəri, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə, məsələnin həlli istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu və əslində, çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. İnsanlar, öz xalqının ədəbiyyatını və tarixini, hətta musiqisini də məktəblərdə öyrənirsə, dinini niyə öyrənməsin?”, “İnsanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?” kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər”, “Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdə alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur” fikrində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincə olub, günü-gündən durmadan artmaqdadır”.
N.İsrafilov hesab edir ki, bununla belə, məktəblərdə dinin tədrisi ilə bağli hər hansı bir fikir ortalığa atılanda, müəyyən bir təklif irəli sürüləndə dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəviliyini qabardırıq, dərsi necə keçək, kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib olunsun, maliyyə haradan tapılsın və s. bu kimi problemlərlə üzləşirik: “Əsas arqumentlər isə ondan ibarətdir ki, “Orta məktəblərdə dinlər, ilk növbədə isə İslam dini, İslam dininin tarixi şəxsiyyətləri, islam mədəniyyəti, islam mənəviyyatı ilə əlaqədar məlumatlar “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılır. İslam dininin bəşəri mahiyyəti, insanlara təlqin etdiyi mənəvi dəyərlər, humanitar fənnlərin tədrisində də uşaqlara mənimsədilir. Ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində, ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb”.
Ekspert bununla yanaşı qeyd edib ki, orta məktəblərdə dini biliklərin verilməsi heç də bir çoxlarının fikirləşdiyi kimi, dini simvolların təhsil ocağına daşınması demək deyil və ya dindarlar ordusu yetişdirmək demək deyil: “Gəncləri mollalaşdırmaq demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşması, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsi, cəmiyyətin qütbləşməsi demək deyil... Bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir.
Bu gün Türkiyə bir yana, bir çox ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Bu sahə ilə məşğul olanlar, həmçinin az-çox maraqlananlar yəqin bilməmiş olmazlar ki, heç bir Qanun, normativ-hüquqi akt və ya digər qanunvericilik sənədi orta məktəblərdə dinin əsaslarının tədris olunmasını qadağan etmir və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur. Bu barədə kifayət qədər deyilib və yazılıb. Əksinə, qanunvericilikdə göstərilir ki, dini-idraki, dini-fəlsəfi, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər”.
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov da deyib ki, bəzən bu mövzu fərqli istiqamətlərə yozulur: “Bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur. Hesab edirəm ki, burada iki anlayış bir-biri ilə qarışdırılmamalıdır. Bəzən orta məktəblərdə dinlə bağlı tədris deyəndə yalnış anlaşılır və elə başa düşülür ki, orta məktəblərdə sırf din tədris olunacaq. Burada söhbət dinin tədrisindən yox, orta məktəblərdə din haqqında məlumatların və biliklərin verilməsindən gedir”.
Onun sözlərinə görə, məktəblərdə dini biliklərin tədris olunmasına ehtiyac var və bu şagirdlərdə din haqqında doğru təsəvvürün formalaşmasına töhfə verə bilər: “Bu biliklər ona görə verilməlidir ki, biz gəncləri zərərli təsirlərdən, zərərli cərəyanlardan, dini təlimlərdən qoruyaq. Əgər biz bunu etməsək, bunun çox ciddi fəsadları və nəticələri olacaq. Ona görə də birinci növbədə din, təriqətlər, məshəblər haqqında bilikləri verməliyik. Bu məlumatları verməsək artıq başqaları, başqa təriqətlər, dini cərəyanlar bu bilgiləri gənclərə verərək bir sıra hallarda onları zərərli dini qrupların davamçılarına çevirəcəklər. Gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq üçün biz bununla bağlı ciddi düşünməli və məsələyə həssas şəkildə yanaşmalıyıq”.