''Football-plus.az'' xəbər verir ki, Kataloniya nəhəngi La Liqanın 24-cü turunda öz meydanında ''Rayo Valyekano''nu 1:0 yenərək liderliyə yüksəlib. Bu qarşılaşmada Jül Kundenin ehtiyatda qalması diqqət çəkib. Əsas heyət üzvü sayılan fransalı sağ cinah müdafiəçisi yalnız 66-cı oyuna daxil olub.
Məlum olub ki, almaniyalı mütəxəssis mövsümdə 3-cü dəfə bu futbolçunu gecikdiyinə görə cəzalandırmaq qərarına gəlib!
''Barsa''da 3-cü mövsümünü keçirən 26 yaşlı futbolçu Flikin sərt üzünü ilk dəfə hələ oktyabrda görmüşdü. Həmin vaxt o, ''Alaves''lə oyunöncəsi son toplantıya bir neçə dəqiqə gec gəlmişdi. Məşqçi bu hərəkəti əfv etməyərək fransalını ehtiyatda saxlamışdı. Bir ay sonra Kunde ''Espanyol''a qarşı derbi matçına stadiona cəmi 1 dəqiqə gec gəlmişdi. Flik hətta bunu da əfv etməyərək yenə futbolçunu ehtiyatda saxlamış və ''futbolçulardan 13.30-da gəlməyi tələb edirəmsə, bu o demək deyil ki, kimsə, 13.31-də gələ bilər'' ifadəsini işlətmişdi.
''Rayo Valyekano'' ilə qarşılaşmadan öncə yenə eyni şey təkrar olundu. Oyunöncəsi son toplantıya Kunde növbəti dəfə gec gəldi. Təcrübəli mütəxəssis bu dəfə də onu əfv etməyərək bunları dedi:
''Oyundan öncə mənim üçün hər futbolçunun meydanda öz vəzifəsini bilməsi çox önəmlidi. Fikrimcə, stadiona tələb olunan vaxtdan bir neçə dəqiqə tez gəlmək heç bir oyunçu üçün problem yaratmaz. Bu mövzuda qaydalarımız bəllidi və hər kəsə şamil edilir. Kundeni ehtiyatda saxlamalı oldum. Bunu oyunçulara, kluba və fanatlara hörmət əlaməti olaraq etdim''.
Təbii ki, bu vəziyyət ilk növbədə 18 yaşlı Ektor Fortu qane edir. Çünki klubun 18 yaşlı yetirməsi Kundenin məşqçi tərəfindən cəzalandırıldığı hər üç oyunda onun əvəzinə start heyətində meydana çıxıb. Kundenin cari ''futbol ili''ndə 36 rəsmi oyunda iştirak etdiyini və aktivinə 3 qol, 7 məhsuldar ötürmə yazdığını bildirək.
ƏLİ