AZ

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək - MÜSAHİBƏ

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinin 33-cü ildönümü tamam olur. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyib və silinməyəcək də.

Tarix elmləri doktoru, professor Həvva Məmmədova “İki sahil” qəzetinə müsahibəsində tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqların qüruru fonunda ermənilərin havadarlarının köməyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasətindən, heç zaman unutmadığımız Xocalı faciəsindən bəhs etdi.

- Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nəticəsi olaraq baş verən Xocalı faciəsi hansı siyasi və hərbi amillərlə izah edilə bilər?

 - XX əsrin sonundakı siyasi vəziyyəti və Cənubi Qafqazda baş verən hadisələri təhlil etdikdə görürük ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları əsrin əvvəlindən etibarən davam edib. Bu iddialar həm Çar Rusiyası, həm də Sovet İttifaqı dövründə dəstəklənib, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə daha da güclənib. Nəticədə Azərbaycan xalqının təhlükəsizliyi pozulub, bölgədə demoqrafik və siyasi tarazlıq ciddi şəkildə dəyişib.  Ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesi Birinci Pyotrun dövründən başlayaraq sistemli şəkildə davam edib, sonralar Rusiya imperiyası və SSRİ-nin siyasətinin bir hissəsinə çevrilib. Azərbaycan torpaqlarının inzibati bölgülər vasitəsilə ermənilərin istifadəsinə verilməsi XX əsrin sonuna qədər davam edib. 1920-ci ildə Sovet işğalından sonra bu siyasət daha da gücləndirilib və nəticədə Azərbaycan torpaqları hesabına Ermənistan dövləti formalaşdırılıb. 

Erməni köçləri və torpaq işğalı Azərbaycan xalqına ağır faciələr yaşadıb. Xüsusilə Qarabağ və ətraf rayonlarda erməni silahlı birləşmələri tərəfindən təşkil edilən etnik təmizləmə siyasəti XX əsrin sonunda dəhşətli hadisələrlə nəticələnib. Bu hadisələr arasında Xocalı faciəsi xüsusi yer tutur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı misli görünməmiş soyqırım törədilib. 

Sonrakı dövrdə 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz haqları uğrunda apardığı mübarizənin zirvəsini təşkil edib. Xalq bir daha birlik nümayiş etdirərək torpaqlarını işğaldan azad edib. Müharibə dövründə Ermənistan ordusunda muzdlu döyüşçülərin olması erməni gənclərinin isə müharibədə iştirakdan imtina etməsi Ermənistanın hərbi potensialının həqiqi vəziyyətini ortaya qoyub.

Bu gün isə Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri kimi Xocalı da yenidən bərpa edilir, məcburi köçkünlər doğma yurdlarına qayıdır. Azərbaycan ağır sınaqlardan keçsə də, bu gün regionda güclü və nüfuzlu bir dövlət kimi mövqeyini möhkəmləndirib. 

- Həvva xanım, sizcə 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri nəticəsində Xocalının işğaldan azad edilməsi bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətləndirilməsinə hansı təsirləri göstərdi?

 - Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir və Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Bu faciə Xatın, Sonqmi, Babiyar, Prijelist kimi tarixi soyqırımlarla müqayisə olunsa da, vəhşiliyi və miqyasına görə bənzərsizdir. Xocalı hadisələrindən 32 il sonra, sağ qalan Xocalı sakinləri doğma yurdlarına qayıdaraq bu ağrılı günü anırlar. 

Xocalı faciəsinin başvermə səbəblərini və miqyasını düzgün qiymətləndirmək üçün hadisələrdən əvvəlki siyasi vəziyyəti nəzərdən keçirmək vacibdir. XX əsrin sonlarında Qarabağda yaşayan azərbaycanlılar ciddi sınaqlarla üzləşmişdilər. Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdəki rəhbərliyi dövründə bölgədə nisbi sabitlik müşahidə olunsa da, ondan əvvəlki və sonrakı illər Azərbaycan xalqı üçün ağır keçib. 

Xankəndi mənim doğma yurdumdur. Burada ailə qurmuş, pedaqoji universiteti bitirmiş və tarix müəllimi kimi çalışmışam. Uzun illər erməni hakimiyyəti altında yaşamağın çətinliklərini bilirik. Şəhərin mərkəzində əsasən ermənilər məskunlaşmış, azərbaycanlılar isə sıxışdırılmışdı. İxtisaslı mütəxəssislərə belə burada yaşamaq üçün imkan yaradılmırdı. Nəticədə azərbaycanlılar məcburən Qarabağı tərk edirdilər.   Bu gün Xankəndidə sərbəst hərəkət etmək, azadlığın verdiyi hissləri yaşamaq inanılmazdır. Xocalıya gedərkən Qarqar çayı üzərində dayanıb faciə gecəsini xatırladım. Qarlı, şaxtalı gecədə ayaqyalın qaçan günahsız insanların taleyi göz önünə gəldi. Tarix bəzən amansız olur, lakin ədalət bərqərar oldu. Bu gün isə Azərbaycan xalqı torpaqlarına sahib çıxmağın sevincini yaşayır. 

- Xocalı soyqırımının əsas icraçıları kimlər idi və bu faciənin dünya ictimaiyyətindən gizlədilməsi üçün Ermənistan rəhbərliyi hansı təbliğat və manipulyasiya üsullarından istifadə edirdi?

 - Xocalı faciəsi unudulmamalıdır və dünya ictimaiyyətinə çatdırılmalıdır. Ermənistanın o dövrkü rəhbərliyində olan Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və Vitali Balasanyan Xocalı soyqırımının əsas icraçılarıdır. Onlar təkcə Xocalıda deyil, Meşəli, Cəmilli, Malıbəyli, Aşağı və Yuxarı Quşçular, Kərkicahan və Kosalar kimi yaşayış məntəqələrində də dinc azərbaycanlı əhaliyə qarşı amansız qırğınlar törədiblər.

Soyqırımı ört-basdır etmək üçün erməni rəhbərliyi hadisələri manipulyasiya edərək dünya mediasına təhrif olunmuş şəkildə çatdırmağa çalışırdı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu cəhdlər iflasa uğradı, həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Beynəlxalq səviyyəli jurnalistlər və araşdırmaçılar Xocalıda törədilən vəhşilikləri sənədləşdirib, erməni silahlı qüvvələrinin həyata keçirdiyi soyqırımı faktlarla ifşa ediblər. 

- Hazırda Xocalı soyqırımının miqyası, törədilmə məqsədləri və faciənin təşkilatçılarının, icraçılarının beynəlxalq hüquq qarşısında məsuliyyət məsələsi hansı aspektlərdə qiymətləndirilir?

 - Xocalı faciəsinin miqyası və nəticələri dəhşətlidir. Bir gecədə 613 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib, 63 uşaq, 106 qadın və 70 qoca xüsusi qəddarlıqla öldürülüb. 8 ailə tamamilə məhv edilib, 150 nəfərin taleyi isə bu günə qədər naməlum qalıb. 1275 nəfər əsir götürülüb, onlardan yüzlərlə insan işgəncələrə məruz qalıb, bir çoxu isə naməlum şəkildə yoxa çıxıb.

Bu gün də Xocalı soyqırımında iştirak etmiş şəxslər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. 2006-cı ildə Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaalın “Blək Qarden” kitabı üçün verdiyi müsahibədə açıq şəkildə etiraf edib ki, Xocalı faciəsi məqsədli şəkildə törədilib və bununla azərbaycanlılara qarşı zorakılığın “normallaşdırılması” planlaşdırılıb.

Ermənistanın hərbi və siyasi rəhbərliyinin törətdiyi cinayətlər hələ də tam şəkildə cəzalandırılmayıb. Lakin Qarabağın azad olunması ilə Azərbaycan dövləti Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün mühüm addımlar atır. Ötən il 28 May Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər, onlara evlərin açarları təqdim edildi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən il Xocalı faciəsinin 32-ci ildönümünü Xocalı şəhərində qeyd etdik. Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.  Ümumiyyətlə, hər il fevralın 26-da Azərbaycan və dünyanın 60-dan çox ölkəsində Xocalı soyqırımı anılır. Azərbaycan xalqı bu faciənin unudulmasına imkan verməyəcək və ədalətin bərqərar olması üçün mübarizəsini davam etdirəcək. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin yaddaşında qalmalıdır ki, belə cinayətlər bir daha təkrarlanmasın.

- Sizcə 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirlərindən sonra azadlığına qovuşan Xocalıda reallaşdırılan bərpa və məskunlaşma prosesinin strateji əhəmiyyəti nədən ibarətdir?

 - 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində bir sıra fərmanlar imzalanıb. Bu fərmanlara əsasən, genişmiqyaslı yenidənqurma və məskunlaşma proqramları həyata keçirilir.  Bu kontekstdə artıq Xocalıda da məcburi köçkünlərin qayıdışı prosesi başlanıb. Bu il də qayıdış prosesi uğurla davam etdirilir. Belə ki, bir neçə gün öncə Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salındı. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 22 ailə - 94 nəfər köçürülüb.

Xocalı strateji baxımdan mühüm bir ərazidir. Bura yeraltı sərvətləri və tarixi abidələri ilə ölkənin ən vacib məntəqələrindən birinə çevrilib. Tarixə nəzər salsaq, görərik ki, Xocalı üç dəfə yerlə - yeksan edilib. 1905-1906-cı illərdə tamamilə yandırılıb, 1918-1920-ci illərdə yenidən məhv edilib. Lakin hər dəfə Xocalı yenidən qurulub. Bu gün burada həyata keçirilən tikinti və abadlıq işləri bir daha sübut edir ki, Xocalı hər zaman dirçələn bir şəhərdir.

Bu ərazilərdə qaz, su, elektrik və yol infrastrukturu tam bərpa olunub. Məqsəd sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir. 1990-cı illərin ağır dövrlərində məcburi köçkünlər Sabirabad, Saatlı, Beyləqan və İmişli rayonlarında çadır şəhərciklərində yaşamağa məcbur qalmışdılar. 2003-cü ilin seçki kampaniyası dövründə cənab İlham Əliyev Prezident seçiləcəyi təqdirdə çadır şəhərciklərini ləğv edəcəyini və məcburi köçkünlərin layiqli şəraitdə yaşamasını təmin edəcəyini bəyan etmişdi. 2007-ci ilə qədər bu çadır düşərgələri tamamilə ləğv olunub, məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salınıb.  Bu gün isə məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Onların illərlə gözlədikləri gün gəlib çatıb. Prezidentin verdiyi vədlər reallığa çevrilib və köçkünlər öz evlərinin açarlarını təhvil alaraq yeni həyata qədəm qoyurlar. 

- Həvva xanım, bildiyimiz kimi, Xocalı faciəsi təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin qan yaddaşıdır. Tarixi ədalətin bərpa olunması və Xocalı canilərinin layiqli cəzalarını almaları üçün dünya ictimaiyyətinə və gələcək nəsillərə hansı mesajı vermək istərdiniz?

 - Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi addımlar atılıb. Bu sahədə ən mühüm təşəbbüslərdən biri Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı fəaliyyət və 2008-ci ildə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının başlanması olub. 

Bu kampaniya İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyi ilə, Leyla Əliyevanın rəhbərliyi altında geniş miqyasda həyata keçirilib və Xocalı faciəsinin İslam dünyasında tanınması istiqamətində mühüm nəticələr əldə edilib.

Ölkə Prezidenti beynəlxalq tədbirlərdə, keçirdiyi görüşlərdə və çıxışlarında Xocalı soyqırımını daim gündəmə gətirir. Bu mövzu təkcə fevralın 26-da deyil, mütəmadi olaraq beynəlxalq konfranslarda, təşkilatlarda və müxtəlif platformalarda müzakirəyə çıxarılır. 

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün daim fəaliyyət göstərməliyik. Ermənilər hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nı təbliğ edirlər. Lakin onların iddiaları heç bir tarixi fakta əsaslanmır. Əksinə, Xocalı soyqırımı real faktlara, sağ qalan şahidlərin ifadələrinə və beynəlxalq araşdırmalara əsaslanır.  Bu faciəni yaşayan insanlardan biri Bənövşə Mustafayeva həmin gecə əsir götürülüb, ağır işgəncələrə məruz qalıb, partlayış nəticəsində ayağının bir hissəsini itirib, körpəsinin də ayağı amputasiya olunub.   

Təəssüf ki, vaxtilə həmsöhbət olduğumuz və tarixi faktları bizimlə bölüşən insanların bir çoxu artıq dünyasını dəyişib. Lakin Xocalı şahidləri bizim üçün canlı tarixdir. Onların ifadələri, xatirələri bu dəhşətli soyqırım aktının beynəlxalq ictimaiyyətə beynəlxalq ictimaiyyətə tanıdılması üçün mühüm mənbədir. 

Biz bu faciənin unutdurulmaması və beynəlxalq məhkəmələrdə hüquqi qiymət alması üçün səylərimizi daha da artırmalıyıq. Xocalıya ədalət tələb edirik və bunu dünya ictimaiyyətinə çatdırmaqda qətiyyətliyik.

Nigar Orucova, “İki sahil”

Seçilən
19
ikisahil.az

1Mənbələr