AZ

“Mübarizdən sonra”

Qələm sahibləri Birinci və İkinci Qarabağ müharibəsi zamanı canını Vətənə, torpağa fəda edən şəhidlər haqqında sanballı əsərlər ərsəyə gətirirlər. Müşfiq Muğanlı növbəti yeni kitabını isə Milli Qəhrəman Mübariz İbrahimova həsr edib. Kitab "Mübarizdən sonra" adlanır.

Bu günlərdə Cəlilabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı sayəsində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində kitabın təqdimatı olub.

Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimovun, rayon ziyalıların, mədəniyyət nümayəndələrin, şairlər və yazıçıların qatıldığı tədbiri Əməkdar mədəniyyət işçisi Cahangir Muradov açıb. O, əvvəlcə Biləsuvar elinin qəhrəman oğlu Mübariz İbrahimovun Vətənə xidməti zamanı keçdiyi rəşadətli döyüş yolundan, düşmənlə üz-üzə gələndə göstərdiyi fədakarlıqdan, qürur və heyrət doğuran məqamlardan danışıb, eləcə də tutarlı faktlar əsasında kitabın əhəmiyyətindən söhbət açıb.

Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman, "Mübariz sevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Qurban Əhməd, “Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, polkovnik-leytenant Zamin Həsənov, həkim Mirhənifə Sultanov və şair İman Abdulla "Mübarizdən sonra" kitabı haqqında öz fikirlərini söyləməklə bərabər, həm də müəllifin gördüyü dəyərli işə yüksək qiymət veriblər.

Yekunda Müşfiq Muğanlı, Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, dövlətimizin şəhid ailələrinə həmişə yüksək qayğı göstərdiyini dilə gətirib və bunlara görə ölkə başçısına öz minnətdarlığını bildiriblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
11
ikisahil.az

1Mənbələr