
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-Rusiya danışıqlarının başlanğıcında strateji mövqeyini gücləndirməyə çalışan Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayırlar.
Reyting.az xəbər verir ki, “Politico” nəşri bu məlumatı üç Aİ diplomatına istinadla yayıb.
Paketə 1,5 milyon artilleriya mərmisi, hava hücumundan müdafiə sistemləri və digər silahların daxil olacağı gözlənilir. Bu, Rusiyanın 2022-ci ildə tammiqyaslı işğalının başlanmasından bəri ən böyük paketlərdən biri olacaq.
Diplomatlar deyiblər ki, 6 milyard avro yalnız başlanğıc məbləğdir, bu, sonradan 10 milyard və ya daha çox ola bilər, çünki Aİ ölkələri Ukraynaya mümkün tədarüklər üçün ehtiyatları öyrənirlər.
Nəşr yazır ki, Aİ xarici işlər nazirləri paketi müzakirə etmək üçün gələn həftə Brüsseldə görüşəcək və hər bir ölkə tədarük olunacaq silah və ya maliyyə resursları ilə bağlı təkliflər verə biləcək. Bir diplomat deyib ki, nağd pul töhfəsi ölkənin ümumi milli gəlirinə mütənasib olacaq.
Avropa liderlərinin fevralın 17-də Parisdə keçirilən sammitində heç bir konkret qərarın verilməməsindən sonra yardım paketinin “Aİ-nin Ukraynanı dəstəkləmək əzminin nümayişi” olduğu bildirilir.
E. KAMAL