
Tənəffüs yollarında infeksiya səbəbiylə bir müddətdir xəstəxanada müalicə olunan katoliklərin ruhani lideri və Vatikanın başçısı Papa Fransiskin sətəlcəm (Pnevmoniya) olduğu bildirilir.
Reyting.az-ın məlumatına görə, bronxit səbəbiylə fevralın 14-dən Romada Gemelli xəstəxanasında müalicə olunan 88 yaşlı Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı bu gün gecə saatlarında Vatikan mətbuat idarəsi yazılı açıqlama yayıb.
Bugünkü laboratoriya müayinələri və döş qəfəsinin rentgenoqrafiyasının nəticələrinə görə, Papanın klinik vəziyyəti mürəkkəbdir:
“Bronşektazi və astmatik bronxit əsasında inkişaf edən polimikrob infeksiyaya görə kortikosteroid və antibiotik müalicəsi tətbiq edilir ki, bu da müalicə prosesini daha da çətinləşdirir. Bu gün günortadan sonra Vatikan sağlamlıq qrupu və Gemelli xəstəxanasında komandanın tələb etdiyi döş qəfəsinin nəzarət KT müayinəsi ikitərəfli sətəlcəmin inkişafını üzə çıxarıb”.
Açıqlamada Papanın dua etmək və bəzi mətnləri oxumaq üçün vaxt keçirdiyi və ona göstərilən dəstəyə görə təşəkkür etdiyi bildirilib.
Əlavə edək ki, Vatikan Papa Fransiskin davam edən mürəkkəb klinik vəziyyəti səbəbindən bu həftə üçün planlaşdırılan bütün tədbirlərin ləğv edildiyini açıqlayıb.
V. QULİYEV