
HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində fevralın 22-də keçiriləcək 7-ci məhbus mübadiləsinin təfərrüatları dəqiqləşib. Əvvəlki raundlardan fərqli olaraq HƏMAS daha 6 məhbusu azad etmək qərarına gəlib.
Reyting.az xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye fevralın 22-də mübadilə çərçivəsində 6 israilli məhbusun azad ediləcəyini açıqlayıb.
Əvvəlki turlarda 3 məhbus azad olunsa da, bu dəfə say iki dəfə artırılıb. Digər tərəfdən, Hayye 4 israilli məhbusun cəsədlərinin fevralın 20-də Qırmızı Xaça təhvil veriləcəyini bildirib. Gələn həftə daha 4 cəsədin təhvil veriləcəyi qeyd edilir. İsrail hökuməti HƏMAS-ın bu addımına baxmayaraq, atəşkəsin ikinci mərhələsinə keçməkdən çəkinib. Hayye bildirib ki, Təl-Əviv danışıqları davam etdirmək istəmir.
Xatırladaq ki, İsrail rəhbərliyi karvan evlərinin və tikinti texnikasının Qəzzaya daxil olmasına icazə vermək üçün 3 məhbus əvəzinə 6 məhbusun azadlığa buraxılmasını tələb etmişdi. Lakin HƏMAS bu addımı atmasına baxmayaraq, İsrailin verdiyi sözə əməl edib-etməyəcəyi hələ də bəlli deyil.
Onu da qeyd edək ki, HƏMAS indiyədək 19 israilli məhbusu azad edib. 6 məhbusun təhvil verilməsi ilə atəşkəs razılaşmasının birinci mərhələsində məhbus mübadiləsi prosesi başa çatacaq.Atəşkəsin ilk 45 günlük mərhələsi çərçivəsində 25 israilli məhbus Qəzzadan azad ediləcək.
İsrailin xarici işlər naziri bildirib ki, Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması üzrə danışıqların ikinci mərhələsi bu həftə başlayacaq.
ELÇİN