
Vaşinqton Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya ilə aparılan danışıqları “sülhə doğru atılmış möhtəşəm addım” adlandırıb.
Reyting.az-ın məlumatına görə, Ağ evin mətbuat katibi Karolina Leavit deyib ki,administrasiya, o cümlədən ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə birbaşa yazışıb.
Onun sözlərinə görə, dünən Tramp avropalı müttəfiqləri ilə, xüsusən də Fransa prezidenti Emmanuel Makronla danışıb. Gələn həftə isə Böyük Britaniyanın baş naziri Keir Starmer Vaşinqtona gələcək.
“Biz əminik ki, bütün tərəflər dinləniləcək. Ancaq həqiqətən danışıqlar aparmaq və problemi həll etmək üçün münaqişənin hər iki tərəfi ilə danışmalısınız. Bu, sülhə doğru atılmış böyük ilk addımdır”,- deyə K. Leavit əlavə edib.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının paytaxtında ABŞ və Rusiya nümayəndələri arasında ilk rəsmi danışıqlar baş tutub. Nümayəndə heyətlərinə ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq ediblər.
Ər-Riyadda dörd saat yarım davam edən danışıqlardan sonra Dövlət Departamenti bəyan edib ki, Vaşinqton və Moskva müharibəni dayandırmaq yollarını tapmaq üçün işçi qruplar yaradacaq və “qarşılıqlı geosiyasi maraq doğuran məsələlər, tarixi, iqtisadi və investisiya imkanları üzrə gələcək əməkdaşlığın əsasını qoyacaq” yeni diplomatik kanal yaradacaq.
Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ağ evin müharibəyə daimi son qoyulmasını görmək istədiyini deyib. Onun sözlərinə görə, bu müzakirələrdə əsas mövzular ərazilərə nəzarət və təhlükəsizlik təminatları olacaq.
Eyni zamanda, Rusiya tərəfi Ukraynaya xarici qoşunların yerləşdirilməsinin qəti əleyhinə çıxıb.
E. KAMAL