AZ

Cəlil Xəlilov: İrəvan nə işğal dönəmində, nə də Vətən müharibəsindən sonra sülh danışıqlarında səmimi olmayıb

Bakı, 19 fevral, AZƏRTAC

“Ermənistan sülhə yox, sülhün imitasiyasına çalışır”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, əslində Ermənistan nə işğal dönəmində, nə də müharibədən sonra sülh danışıqlarında səmimi olmayıb:

“Azərbaycan hələ Birinci Qarabağ müharibəsindən sonra işğal faktorunu aradan qaldırmaq üçün uzunmüddətli diplomatik cəhdlər ortaya qoydu. Lakin 30 ilə yaxın müddətlə problemin sülh yoluyla həlli ilə bağlı rəsmi Bakının ortaya qoyduğu səylər səmərəsiz qaldı. İrəvan bu gün olduğu kimi, həmin dönəmdə də sülh danışıqlarında formal olaraq iştirak etdi. Problemin həlli üçün heç bir real səy, səmimi istək ortaya qoymadı. Təəssüflər olsun ki, rəsmi İrəvan bu gün də eyni saxtakar siyasəti həyata keçirməkdədir. Vətən müharibəsindən 5 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sülhün əldə edilməsinə süni maneələr yaradır, prosesi məqsədli olaraq yubadır. Bu əsnada, Ermənistan sürətlə silahlanma siyasəti həyata keçirməkdədir ki, bu da İrəvanın revanşist niyyətlərindən xəbər verir. Görünən odur ki, Ermənistan hələ də 44 günlük müharibənin dərslərindən lazımi nəticə çıxarmayıb və bu gün xam xəyallarla yaşamaqdadır”.

Polkovnik qeyd edib ki, Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyası da sülh prosesinə zərbə vurur, bölgədə gərginliyi artırır:

“Bəlli bir müddətdir ki, Ermənistan ərazisində Avropa İttifaqının monitorinq missiyası fəaliyyət göstərir. Bu missiyanın adı monitorinq missiyası olsa da, faktiki olaraq təxribatla məşğuldur. Onlar mütəmadi şəkildə bizim mövqelərimizi müşahidə edir, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər. Azərbaycan tərəfi dəfələrlə bununla bağlı öz narahatlığını dilə gətirib və bəyan edib ki, Ermənistan həqiqətən də bölgədə uzunmüddətli, etibarlı sülh istəyirsə, o zaman belə təxribatçı addımlardan çəkinməli, Avropa İttifaqı missiyasını sərhəddən yığışdırmalıdır. Ancaq Ermənistan dövlətimizin bu tələbini də yerinə yetirmək üçün konkret addımlar atmır. Bu isə bölgədə vəziyyəti gərginləşdirir, sülh üçün əlavə maneələr yaradır”.

Cəlil Xəlilov qeyd edib ki, proseslərin bu şəkildə davam etməsi bölgədə sülh və təhlükəsizlik baxımından yaxşı heç nə vəd etmir: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan sülh üçün əməli addımlar atmalı, silahlanma siyasətindən imtina etməli, 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Nə qədər ki, bu baş vermir, nə qədər ki, Ermənistan sülhdən daha çox revanş haqqında düşünür, bölgədə sülh üçün təhdidlər qalmaqda davam edəcək. Bununla yanaşı, Ermənistan bilməlidir ki, əgər havadarlarının fitnəsinə uyaraq regionda vəziyyəti gərginləşdirməkdə və yeni təxribatlar törətməkdə davam edərsə, bu, Azərbaycanı qəti və qabaqlayıcı addımlar atmağa vadar edəcək. Bunun isə Ermənistan üçün nəticələri son dərəcədə fəlakətli olacaq”.

 

Seçilən
48
azertag.az

1Mənbələr