AZ

“USAID-çi media”nın qarayaxma cızmaqaraçılığı

Hər gün USAID-lə bağlı ifşaedici materiallar dərc edilir. Məlum olur ki, bu qurum qlobal səviyyədə ictimai rəyi nəzarətdə saxlamaq, ABŞ-ın məqsədlərinə uyğun təbliğat və təşviqat qurmaq üçün media subyektlərindən istifadə edib. “Qrant” adı altında onlara, QHT və jurnalistlərə maddi vəsait ötürüb, özünün təsir dairəsinə salıb. Həmçinin, ayrı-ayrı ölkələrdən fərdi jurnalistləri peşə kursları keçmək adı ilə təlimlərinə cəlb edib, informasiya təxribatları törətmək bacarıqları aşılayıb. Media qurumları isə agentliyin layihələrini icra edərək, tapşırıqlarını yerinə yetirib, yalanlarla dolu müxtəlif iftira, qarayaxma kampaniyaları təşkil edib.

Eyni zamanda, ABŞ və Avropada yerləşən “The New York Times” (3 milyon), “Politico” (8 milyon), “Associated Press” (17 milyon), BBC (2,9 milyon fund–sterlinq), “Reuters” (9 milyon), “Frans-Press” kimi qəzet və informasiya vasitələri də qurumun maliyyə ayırdığı media orqanları arasında olub.

Agentliyin fəaliyyətində fırıldaq, korrupsiya, mənimsəmə faktları üzə çıxır. Bu da ABŞ-ın yeni hakimiyyətini razı salmır. İndi yeni administrasiya ölkəyə mənfəət gətirməyən, milli maraqlara xidmət etməyən, böyük həcmdə pulların mənimsənilməsinə xidmət edən bu siyasətə son qoymaq niyyətindədir. Təbii olaraq vasitəçi kimi istifadə edilən qurumlar, xaricdə onlara bağlı olanlar biri-birinin ardınca sıradan çıxır, maliyyə yardımları dayandırılır.

Vaşinqtonun atdığı addımlar isə Avropa jurnalistikasında xarici təsir barədə mübahisələrə səbəb olub. Bu barədə “AnewZ”un “USAID-in Media maliyyələşdirilməsinə təsiri və ya müdaxiləsi” mövzusunda hazırladığı süjetdə məlumat verilib. Materialda USAID-in fəaliyyət mexanizminə diqqət çəkilərək bildirilib ki, təşkilat rəsmi olaraq müstəqil bir agentlik olsa da, o, ABŞ Prezidentinə, Dövlət katibinə və Milli Təhlükəsizlik Şurasına birbaşa tabedir: “Rəsmi qaydada onun fəaliyyətinin humanitar yardım, iqtisadi inkişaf, səhiyyə və demokratiya təşəbbüslərinə həsr olunduğu bildirilsə də, USAID müxtəlif ölkələrdə ictimai rəyə və daxili işlərə təsir göstərmək məqsədilə media və QHT-lərin maliyyələşdirilməsində rol oynayıb və bu rolu səbəbindən hazırda nəzarətə məruz qalır”.

Analitiklər bu maliyyələşdirmənin media qərəzsizliyi ilə bağlı suallar yaratdığını, xüsusilə, ABŞ-ın xarici siyasət maraqları ilə sıx əlaqəli narrativlərə dair narahatlıq doğurduğunu iddia edirlər.

İndi isə, xüsusilə, respublikaçılardan olan tənqidçilər “BBC Media Action”ın 2023–2024-cü illərdə USAID-dən 3 milyon dollar aldığını qeyd edirlər. Onların fikrincə, ABŞ Prezidenti Trampın “radikal dəlilər tərəfindən idarə edildiyini” söylədiyi USAID-in tamamilə bağlanması “BBC Media Action”ın illik büdcəsində böyük bir boşluq yaradacaq.

Qeyd edək ki, “BBC Media Action” BBC-nin beynəlxalq xeyriyyə təşkilatıdır və dünyanın ən yoxsul bölgələrində yayımlanan proqramlar hazırlayır, jurnalistlərə peşə hazırlığını artırmağa kömək edir və onları öz təsir dairəsində saxlayır.

Son vaxtlar USAID-lə bağlı Macarıstan hökumətinin mövqeyi də maraq doğurub. Beləki, Macarıstanın Baş naziri Viktor Orban USAID-i onun hökumətini zəiflətmək üçün müxalif media qurumlarına maliyyə dəstəyi verməkdə ittiham edib. O da vurğulanıb ki, USAID-in maliyyələşdirməsinin dayandırılması ilə Macarıstanda bir sıra media qurumları indi alternativ maliyyə dəstəyi tapmaqda çətinlik çəkirlər.

USAID-dən maliyyə yardımı alanlar arasında Ukrayna ilk sırada dayanır. Ukrayna mediası həm birbaşa, həm də Medianın İnkişafı Fondu (MDF) kimi vasitəçi fondlar tərəfindən maliyyələşdirilib. Buna nümunə kimi, “Avromaydan” zamanı ortaya çıxan “Hromadske” telekanalı və “Hromadske radio” göstərilir. Həm də “Ukrayna həqiqəti”, “Slidstvo.Info” və bir çox başqaları qurum tərəfindən maliyyələşib. Bəzi məlumatlara görə, ölkə mediasının 90 faizə qədəri USAID və ya onunla əlaqəli strukturlarla bu və ya digər şəkildə əməkdaşlıq edib.

USAID-in məlumatına görə, 24 fevral 2022-ci ildən bəri Ukraynaya humanitar yardım üçün 2,6 milyard dollar, “inkişaf” üçün isə daha 5 milyard dollar vəsait ayırıb. Bu pulların, əslində, hansının Ukraynaya getdiyi şübhə doğurur. Çox hissəsi məmurların cibinə “girib”. Hazırda USAID-in maliyyələşməsi dondurulduğundan xarici qrantlardan asılı olan Ukrayna media qurumları sağ qalmağa çalışırlar.

O da artıq bəlli həqiqətdir ki, USAID mediaya və söz azadlığına dəstək adı altında Cənubi Qafqazda da öz milli maraqlarına yönəlmiş siyasət yürüdən hökumətlərə qarşı şantaj və təzyiq alətləri yaradıb. Məsələn, burada “JAM-news.net” xəbər portalı, “OC media” (Open Caucasus Media) qismində ələ alınmış regional statuslu media subyektləri ilə yanaşı, həm də oxşar funksiyanın daşıyıcısı olan GIPA (Georgian Institute of Public Affairs) yaradılıb.

Bu media subyektlərinin, QHT, fond və institutların funksiyaları təkcə informasiya yaymaqla məhdudlaşmır. Onlar Cənubi Qafqaz dövlətlərində ABŞ Demokratlar Partiyasının siyasətinə boyun əyən auditoriyanın formalaşdırılmasında, müvafiq kadrların seçilib müəyyənləşdirilməsində, yetişdirilməsində və yönləndirilməsində mühüm rol oynayıblar. Bu kontekstdə GİPA-nın fəaliyyəti xüsusilə diqqət çəkir.

Qafqaz Jurnalistika və Media İdarəetmə Məktəbi (GIPA-nın nəzdində mövcud olan 4 departamentdən biri) USAID-in siyasətinə alət olan yerli kadrların “təlim-tədris” ehtiyaclarını ödəyib. Məktəbdə təhsil almaq istəyən şəxslər yerli müxalifət partiyalarının təqdimatı əsasında əvvəlcə ndə “müsabiqədən keçiblər”. Bu müsabiqələr istisnasız olaraq USAID-in yerli təmsilçisinin iştirakı ilə baş tutub. Daha sonra “seçilmiş şəxslər” GIPA-ya göndəriliblər. Burada pulsuz təhsil və təqaüdlə təmin ediliblər. Bu təhsil üzrə təqaüd agentlik tərəfindən ödənilir.

Azərbaycanda isə USAID müəyyən media qurumları ilə şübhəli əməkdaşlıq qurub. Məsələn, “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələr Qərb fondlarının birbaşa sifarişi ilə hazırlanıb. Maliyyə təminatı da Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub. Onlar USAID-in ayırdığı pullarla sifarişlərini icra ediblər.

Politoloq Aydın Quliyev bu barədə deyir: “Təcrübə göstərir ki, USAID-in media qrant layihələri müxtəlif ölkələrdə ABŞ-ın dövlət maraqları ilə bərabər, həmin ölkələrin daxili işlərinə müdaxilə üçün müəyyən strukturların və şəbəkələrin yaradılmasına xidmət edib. Ukrayna, Serbiya, Gürcüstan, Moldova və digər ölkələrdə USAID-in əli ilə yaradılan şəbəkələrin nə işlər gördükləri və onların fəaliyyətinin nəyə gətirib çıxartdığı göz qabağındadır. Bu qurum həmin şəbəkələrin köməyi ilə qeyri-stabil vəziyyət yaratmaqla milli hökumətləri təsir altında saxlamağa çalışıb. Ümumiyyətlə, biz USAID-in timsalında ABŞ-ın böyük dövlət ambisiyasından əmələ gələn bir “mənəm-mənəmlik” ifadəsini görmüşük. ABŞ özünü dünyanın ən hegemon ölkəsi kimi təsdiqləmək üçün bu cür layihələrdən istifadə edib. Agentlik media, QHT sektoru və siyasi partiyaları maliyyələşdirməklə ABŞ-ın əlində həmin ölkələrə təsir göstərmək üçün ən güclü vasitəsi olub. İş burasındadır ki, USAID-in ləğvi ilə yanaşı, ABŞ-ın başqa ölkələrə münasibəti də dəyişməlidir. Əgər Vaşinqton əvvəlki kimi başqa ölkələrin daxili işlərinə müdaxiləni, həmin ölkələrdə xaos yaratmağı prioritet kimi seçəcəksə, ABŞ-ın USAID-ə oxşar yeni-yeni qurumlarının meydana gələcəyinə şübhə yoxdur. Bu siyasət davam edərsə, USAID-in ləğv olunmasına heç bir ehtiyac da yoxdur. Ona görə də bu qurumun ləğv olunması ilə bərabər, ABŞ-ın siyasətində də dəyişikliklərə ehtiyac var.

Əlbəttə, Azərbaycan kimi ölkələrin zamanında qaldırdıqları hay-küy və obyektiv tənqidlərin nəticəsidir ki, Tramp hökuməti USAID-in media qrant layhələri əsasında dünya ölkələrində ziyanlı siyasət apardığına lazımi qiymət verə bildi. Eyni zamanda, USAID-in siyasəti təkcə milli dövlətlərə yox, həm də ABŞ-ın dünyadakı nüfuzuna çox ciddi zərbələr vurdu.

Mahiyyəti bundan ibarətdir ki, USAID-i idarə edən şəxslər ən müxtəlif layihələrdən gizli paylar qoparmaqla korrupsiyaya qurşanıblar. Heç şübhə yoxdur ki USAID xətti ilə müxtəlif ölkələrə ayrılan milyardlarla dollar vəsaitin bir hissəsi bu təşkilatın məmurlarının cibinə “axıb”. Bax, bu, çox ciddi problemdir. Buna görə də USAID-in ləğv olunması zamanın tələbi idi”.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
22
xalqqazeti.az

1Mənbələr