Ötən dövrdə aparılmış məqsədyönlü tədbirlərin nəticəsində muxtar respublikada müxtəlif sənaye müəssisələri yaradılıb, yerli xammaldan istefadə nəzərə alınmaqla yeni istehsal müəssisələrinin fəaliyyəti təşviq olunub. Əsasən mövcud sənaye imkanlarından yararlanmaqla həyata keçirilən istehsal prosesi bu sahədə məhsul istehsalının həcminin artımına da öz müsbət təsir göstərib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar ayında muxtar respublikada 37 milyon 797 min 400 manatlıq sənaye məhsulu istehsal edilib. Bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur. Sənaye məhsulunun 29 milyon 62 min 600 manatı və ya 76,9 faizi malların, 8 milyon 734 min 800 manatı və ya 23,1 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 73,2 faizi emal, 25,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşür.
Muxtar respublikanın ümumi daxili məhsul istehsalında sənayenin mühüm payı malik olduğunu nəzərə alsaq, burada da artımı müşahidə etmək mümkündür. Belə ki, komitənin verdiyi məlumata görə, 2025-ci ilin yanvar ayında muxtar respublikada ÜDM istehsalı 105 milyon 857 min 700 manat olub. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Hesabat ayında əhalinin hər nəfərinə düşən ÜDM istehsalı isə 1,7 faiz artaraq 224,8 manat olub.
Onu da qeyd edək ki, bu gün muxtar respublika iqtisadiyyatının şaxələndirilməsində sənaye sektoru əhəmiyyətli rol oynayır və müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin gələcəkdə daha da inkişaf etdirilməsinə təkan verəcək.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan