Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Hafta.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.
İnşa edilən küçələr boyunca yararsız qrunt qazılaraq çıxarılır, əvəzində yararlı material ilə əks-dolğu işləri aparılaraq yei torpaq yatağı inşa edilir. Ardınca hamarlaşdırıcı qatın, əsasın alt və üst qatının tikintisi yerinə yetirilir. Yol əsası hazır olan ərazilərdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə üzrə inşa edilən piyada səkilərinin kənarlarına səki daşlarının düzülməsi, səkilərə tamet daşların döşənməsi, işıq dirəklərinin quraşdırılması işləri də yerinə yetirilir. Bundan başqa küçələr boyu yeni yaşıllıqlar salınır, kol və ağaclar əkilir.
Küçələr boyu Füzuli şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün tikinti ərazisənə lazımi sayda qüvvə cəlb edilir.
Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Füzuli şəhərinin daxili yollarının tikintisi lI mərhələ üzrə 30%-i yerinə yetirilib.