Asiya Parlament Assambleyasına (APA) üzv ölkələr arasında güzəştli ticarət əməkdaşlığının gücləndirilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində çıxış edib.
Onun sözlərinə görə, həm regional, həm də beynəlxalq nizamla bağlı mürəkkəb çağırışlar var:
"Asiya bir çox insan svilizasiyalarının beşiyidir. Asiya nadir resurslara malik bir qitədir. Bu böyük ailənin üzvləri kimi hər birimiz sülhə, bərabərliyə və ədalətə dərindən sadiqik”.
Məhəmməd Baqir Qalibaf bildirib ki, regional münaqişələr, pandemiyalar, müstəmləkəçilik, narkotik vasitələrin dövriyyəsi dövlətlərin sərhədlərini aşaraq dünya üçün mənfi nəticələrə səbəb olur:
"Bu baxımdan dünyanın yeni çoxtərəflilik dövrünə ehtiyacı var. İran iqtisadi sinerjinin və ticarətin şaxələndirilməsinin tərəfdarıdır".