AZ

İki şəhər yer üzündən "silinə" bilər - Alimlər xəbərdarlıq etdi

NASA və NOAA-nın apardığı yeni araşdırmaya görə Kaliforniya sahillərinin bəzi hissələri sürətlə çökməkdədir və bu proses dəniz səviyyəsinin yüksəlməsini daha da təhlükəli hala gətirir.

Milli.Az-ın xarici mətbuata istinadla məlumatına görə alimlər peyk radar məlumatlarından istifadə edərək müəyyən ediblər ki, Los-Anceles və San-Fransisko ətrafındakı sahil bölgələrinin bəzi hissələri ildə 10 millimetrdən çox çökür. Bu çöküş regiondakı dəniz səviyyəsinin yüksəlmə ehtimallarını ikiqat gücləndirir.

"NASA Jet Propulsion Laboratory"dən alim Marin Govorcin bəzi yerlərdə torpağın çökmə sürətinin dəniz səviyyəsinin yüksəlmə sürətindən daha çox olduğunu bildirir. İnsan fəaliyyəti, xüsusilə yeraltı su ehtiyatlarının tükənməsi, bu prosesi daha da sürətləndirir.

San-Fransisko Körfəzi təhlükə altındadır

San-Fransisko Körfəzindəki "San Rafael" və "Foster City" kimi ərazilərdə torpaq ildə 10 millimetrdən çox çökür. Alimlərin hesablamalarına görə bu bölgələrdə yaxın 25 il ərzində dəniz səviyyəsi 45 santimetrdən çox arta bilər. Bu, əvvəlki 19 santimetrlik proqnozdan iki dəfə çoxdur. Ərazilərin böyük hissəsi sonradan insan tərəfindən yaradıldığı üçün çökmə daha sürətlə gedir.

Los-Ancelesdə də oxşar təhlükə

Los-Anceles bölgəsində xüsusilə "Newport Beach" kimi torpaq sahələrində çöküş prosesi davam edir. Burada 2050-ci ilə qədər dəniz səviyyəsinin 17 santimetr artacağı gözlənilir, ancaq torpağın çökməsi bu artıma əlavə olaraq 15 santimetr daha yüksəlişə səbəb ola bilər.

Çöküşün səbəbləri nədir?

Araşdırmalara görə çökmə həm təbii, həm də insan fəaliyyətləri nəticəsində baş verir.

Təbii səbəblər arasında tektonik hərəkətlər əsas rol oynayır. İnsan fəaliyyəti baxımından isə ən böyük amil yeraltı su ehtiyatlarının həddindən artıq istifadəsidir. Kaliforniyanın bəzi mərkəzi bölgələrində həddindən artıq su çəkilməsi nəticəsində illik 20 santimetrə qədər çökmə müşahidə edilir.

Araşdırmalar göstərir ki, hər ərazi çökmür. Santa Barbara kimi bəzi bölgələrdə yeraltı su ehtiyatlarının 2018-ci ildən bəri mütəmadi olaraq yenilənməsi səbəbindən torpaq yüksəlir. Los-Anceles yaxınlığındakı "Long Beach" də yüksələn ərazilər arasındadır. Bunun əsas səbəbi neft çıxarılması zamanı yer altına maye inyeksiya edilməsi ilə torpağın dəstəklənməsidir.

Bu araşdırma Kaliforniyada dəniz səviyyəsinin artımı və torpaq çökməsi arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edərək, sahil bölgələrində urbanizasiya və infrastruktur planlamasında yeni yanaşmalara ehtiyac olduğunu göstərir.

İslam
Milli.Az

Seçilən
27
1
milli.az

2Mənbələr