AZ

Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılış mərasimində çıxış edib - YENİLƏNİB



Fevralın 19-da Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova sessiya iştirakçılarını salamlayaraq, bu plenar sessiyada iştirak etdikləri üçün bütün parlamentlərin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu, əməkdaşlığımızı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.
Spiker diqqətə çatdırıb ki, tam bir il əvvəl, Azərbaycan Respublikasının Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürdü. Sədrliyimiz çərçivəsində birgə fəaliyyətimizin daha da gücləndirilməsi üçün APA-nın institusional potensialının inkişaf etdirilməsi, üzvlük sıralarımızın genişləndirilməsi, mövcud qurumların fəaliyyətinin canlandırılması və səmərəliliyinin artırılması kimi bir sıra prioritetlər irəli sürdük.
Milli Məclisin sədri bildirib ki, dünən keçirilən Assambleyanın İcraiyyə Şurasının iclasında iki müraciət - Oman Sultanlığının Şura Məclisinin Assambleyanın tamhüquqlu üzvlüyünə qəbul olunması ilə bağlı müraciəti və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının Asiya Parlament Assambleyasında müşahidəçi statusu alması üçün müraciəti nəzərdən keçirildi.
Sahibə Qafarova qeyd edib ki, İcraiyyə Şurası bu məsələlər üzrə plenar sessiyaya müvafiq tövsiyələr verib. O, plenar sessiyanın bu iki müraciətə müsbət cavab verəcəyinə, bu müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edəcəyinə və bununla da təşkilatın sıralarının genişlənəcəyinə inamını ifadə edib.
Sahibə Qafarova Asiya Parlament Assambleyasının sədri olaraq, hər iki parlamentin spikerinə – Şeyx Xalid bin Hilal Əl-Maavaliyə və Natalya Koçanovaya Assambleyanın işinə töhfə verməyə göstərdikləri səmimi istək və təşəbbüslərinə görə təşəkkürünü bildirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, təşkilatımızın institusional potensialını daha da optimallaşdırmaq məqsədilə nizamnamə sənədlərinin yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsi istiqamətində müəyyən irəliləyişlərin baş verməsindən məmnunuq. Qeyd olunmalıdır ki, APA büdcəsinin formalaşdırılması ilə bağlı qərarın qəbul edilməsində konsensusa yaxınlaşırıq. Bu, Assambleyanın imkanlarını daha da gücləndirmək və artırmaq baxımından olduqca vacibdir.
Sahibə Qafarova qeyd edib ki, ötən ilin digər bir nailiyyəti APA Bürosunun iclaslarının aktivləşdirilməsi olub. Büronun fəaliyyətinin yenidən canlandırılması ilə bağlı təklifimiz layiqincə qarşılanıb. Beləliklə, Daimi Komitələrin hər bir iclası çərçivəsində Büro iclasları da keçirilir və bu, təşkilatın ehtiyaclarına operativ şəkildə cavab verməyə yönəlib.
Milli Məclisin sədri APA-nın Baş katibi Məhəmməd Rza Macidiyə və Katibliyə təşkilatın inkişafı və məqsədlərinin irəli aparılması istiqamətində göstərdikləri daimi səylərə görə minnətdarlığını bildirib.
Spiker diqqətə çatdırıb ki, bu gün keçirilən plenar iclasın mövzusu “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu”dur. Beynəlxalq siyasətdəki vəziyyəti və dünyada mövcud durumu nəzərə alsaq, çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt bu gün olduğu qədər vacib olmayıb.
Dünyamızın qarşılaşdığı humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiyanın və islamofobiyanın artması kimi problemlər və onlarla necə mübarizə aparmaq məsələsi qaçılmaz şəkildə müasir beynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini ön plana çıxarır. Təəssüf ki, bu gün dünya daha parçalanmış və daha az dinc hala gəlib. Və bir çoxları çoxtərəfli mexanizmlərin səmərəsizliyi barədə müzakirələr aparır.
Milli Məclisin sədri fürsətdən istifadə edərək, Azərbaycanın bu məsələyə dair baxışlarını qonaqlarla bölüşüb.
Spiker qeyd edib ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə, eləcə də beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan, təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsas qurbanlarından biri olub. Ölkəmiz öz torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bütün bu norma, prinsip və qətnamələri təkbaşına həyata keçirib. Buna görə də, bu məsələnin nə qədər təcili və vacib olduğunu çox yaxşı anlayırıq.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, dünyanın hazırda həqiqətən ehtiyac duyduğu şey beynəlxalq öhdəliklərə tam hörmət olunmasıdır.
Həqiqətən də, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və seçici yanaşmaların tətbiqi, dövlətlərin daxili işlərinə müdaxilə bugünkü ziddiyyətlərin və gərginliklərin əsas mənbəyidir. Bəs bütün bunlara necə son qoymaq olar?
Aydın məsələdir ki, bu mənfi tendensiyanı aradan qaldırmağın və dünyada sülh, sabitlik və rifahı təmin etməyin ən etibarlı yolu çoxtərəfli sistemi gücləndirməkdir. Elə bir sistem ki, burada bütün ölkələr qaydalara hörmət edir, bir-birini kollektiv və qanuni mexanizmlərlə məsuliyyətə cəlb edir, bir-birinə dəstək göstərir və bir dövlətin maraqlarını digərindən üstün tutan birtərəfli yanaşmaları rədd edir.
Azərbaycan hər zaman bu prinsiplərə uyğun olaraq effektiv və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olub. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan bu yanaşmanı aydın şəkildə nümayiş etdirib, Hərəkatın institusional inkişafı üzərində fəal işləməklə yanaşı, üzv dövlətlər arasında dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün qlobal ictimaiyyət tərəfindən yekdilliklə seçilməsi və COP29 çərçivəsində Azərbaycanın liderliyi altında mühüm qərarların qəbul edilməsi, körpülər qurmaq, müxtəlif maraqlı tərəfləri bir araya gətirmək və Qlobal Şimal ilə Qlobal Cənubu bəşəriyyət üçün ortaq təhlükə olan iqlim dəyişikliyi ilə mübarizə məsələsi ətrafında birləşdirmək bacarığı ölkəmizin çoxtərəfliliyə olan sarsılmaz sadiqliyinin zirvəsi olub.
Sahibə Qafarova qeyd edib ki, parlamentimizin çoxtərəfli əməkdaşlıqda fəal iştirakı, əslində, bu yanaşmanın davamıdır. Parlamentimiz Beynəlxalq Parlament İttifaqı ilə birlikdə COP29 çərçivəsində Parlament Toplantısı təşkil etmişdir ki, bu da çoxtərəfli iqlim tədbirlərinə parlament töhfəsi idi. Spiker bu görüşdə fəal iştiraklarına görə APA-nın üzv parlamentlərinə təşəkkürünü bildirib.
O, bununla yanaşı, Milli Məclisin müxtəlif parlament təşkilatlarının fəaliyyətində iştirak etdiyini və bu gün APA ilə yanaşı, daha 4 parlamentlərarası təşkilata – İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərlik etdiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, bu fəaliyyət, parlamentimizin çoxtərəfli parlament diplomatiyasına olan güclü inamını əks etdirir.
O, xüsusilə vurğulayıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb ki, bu da ölkəmizin çoxtərəfliliyə verdiyi daha bir mühüm töhfədir.
Həqiqətən də, parlamentarizmin inkişafının indiki mərhələsinin əsas məqamlarından biri odur ki, parlamentlərin fəaliyyəti artıq milli sərhədlərlə məhdudlaşmır və regional və qlobal səviyyələrə qədər uzanır. Bu isə o anlayışı əks etdirir ki, biz – parlament üzvləri olaraq, xalqlarımızın nümayəndələri kimi, hamımızı narahat edən problemlərin həlli yolunda mühüm rol oynamalıyıq. Parlamentlərarası əməkdaşlıq platformaları, daha yaxşı bir dünya naminə birgə işləmək əzmkarlığımızın və qətiyyətimizin bariz nümunəsidir. Bu baxımdan, parlamentlərarası təşkilatlar konstruktiv dialoq, əməkdaşlıq və həmrəyliyin canlı təzahürüdür.
Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli institut rolunu oynayır. Asiya regionu qlobal problemlərin həllində getdikcə daha mühüm mövqeyə sahib olur. Və bizi öz bayrağı altında birləşdirən Asiya Parlament Assambleyası, səslərimizin eşidilməsinə şərait yaradır və ölkələrimizin ortaq məqsədlərə nail olması üçün göstərdiyi səylərə parlament töhfəsi verir.
Milli Məclisin sədri çıxışının sonunda birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib. Azərbaycan parlamentinin spikeri bugünkü plenar iclasın bizim ümumi öhdəliyimizin aydın sübutu olduğunu diqqətə çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.



Seçilən
33
4
aia.az

7Mənbələr