İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a verdiyi açıqlamada, dünya üzrə sosial ədalətin əsas prinsiplərini və bu prinsiplərin həyata keçirilməsi üçün dövlətlər tərəfindən görülən tədbirləri vurğulayıb. Kərimli bildirib ki, sosial ədalətin təmin edilməsi üçün ən vacib amil həssas təbəqələrə güzəştlərin və dəstək proqramlarının tətbiq edilməsidir.
QHT sədri ölkəmizdə yoxsul əhalinin olmadığını, yalnız işsiz əhalinin mövcudluğunu qeyd edib və bunun ümumi əmək qabiliyyətli əhalinin yalnız 5 faizini təşkil etdiyini bildirib:
"Bu, ölkə iqtisadiyyatının inkişafı, özünüməşğulluq imkanlarının artırılması, güzəştli kreditlərin və gənc sahibkarlara dəstəyin genişləndirilməsi ilə əlaqəlidir. Bu tədbirlər, əhalinin rifahını artırmaq və iqtisadi fəaliyyətin genişlənməsinə müsbət təsir göstərir. Həmçinin, iş yerlərinin açılması və yeni sahələrə dövlət investisiyaları qoyulması daha çox insanların maddi rifahını artırmağa öz müsbət təsirini göstərir. Sözsüz ki, bu gün bütün dünyada sosial ədalətsizlik bəzən hökm sürür, çox varlı təbəqə və yoxsul təbəqə formalaşıb. İqtisadiyyatın və dialektikanın bir inkişafıdır. Tam bərabər iqtisadi imkanlı cəmiyyət dünyada mövcud deyil, lakin əlbəttə ki, hökumətlər bu istiqamətdə geniş tədbirlər planları həyata keçirirlər".
Eyyub Kərimli rəqabətli və liberal iqtisadiyyatın qurulmasının, hər kəsin hüquqlarının qorunmasının və hər kəsə eyni imkanların yaradılmasının bu sahədə əsas prioritetlərdən biri olduğunu bildirib:
"Qeyd etdiyim kimi, burada əsasən daha rəqabətli iqtisadiyyat, liberal və rəqabətli iqtisadiyyat, hər kəsin hüquqlarının qorunması, hər kəsə eyni imkanların yaradılması bu istiqamətdə əsas prioritetlərdən biri olmalıdır. Digər tərəfdən, sözsüz ki, iqtisadi fəaliyyəti az olan və daha çox həssas təbəqənin müəyyən proqramlarla, özünüməşğulluq proqramları ilə daha çox biznesə cəlb edilməsi və biznes layihələrinin maliyyələşdirilməsi ilə bu problemləri aradan qaldırmaq imkanı yaranır."
Pərvanə Fərhadqızı
QHT.az