Azərbaycanda bəzi sahələrdə cərimələrin məbləği artıb.
Valyuta.az dəyişiklik edilən cərimələrin TAM SİYAHISINI təqdim edir:
Azərbaycanda hava nəqliyyatında təhlükəli yüklərin, hərbi silah və sursatların daşınma qaydalarının pozulmasına görə cərimələr - fiziki şəxslər 250 manat məbləğində, vəzifəli şəxslər 500 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Ekoloji təhlükəli maddələrin daşınmasına görə cərimələr - fiziki şəxslər 4 000 manat, vəzifəli şəxslər 8 000 manat, hüquqi şəxslər 15 000 manat məbləğində cərimə ediləcəklər.
Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyən personalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlb edilməsinə görə - fiziki şəxslər 1 500 manat, vəzifəli şəxslər 3 000 manat, hüquqi şəxslər 10 000 manat məbləğində cərimə ediləcəklər.
Нava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədiilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə isə cərimələr - 200 manatdan 500 manata çatdırılır.
Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr - 50 manatdan 100 manata qaldırılır.
Dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə - 40 manat məbləğində cərimə tətbiq ediləcək.
Müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə - fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.
Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə - 600 manat məbləğində cərimə müəyyən edilir.
Dəmir yolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə - cərimənin məbləğinin 40 manatdan 80 manata çatdırılır.
Azərbaycanda müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə cərimələr - fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər - 5 min manat, hüquqi şəxslər isə 10 min manat məbləğində cərimə ediləcək.
Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə - fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat məbləğində cərimə ediləcəklər.