Bakı, 19 fevral, AZƏRTAC
Qlobal gündəm sürətlə dəyişir və bu prosesdə Asiya mühüm rol oynayır. Regionumuz beynəlxalq təhlükəsizlik və geosiyasi dəyişikliklərdə fəal iştirak edir. Bu kontekstdə parlament diplomatiyası bir körpü rolunu oynayır və əsas məqsəd ümumi maraqlara xidmət edərək regionlarda qarşıya çıxan çətinliklərin həllinə və inteqrasiya proseslərinin davamlı olmasına töhfə verməkdir. Beynəlxalq təhlükəsizliyin təmin olunması, kibercinayətkarlığa qarşı mübarizə, təhlükəsizlik, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, həmrəyliyin dəstəklənməsi və regionda harmoniyanın bərqərar edilməsi mühüm prinsiplər sırasındadır.
AZƏRTAC xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Pakistan Cənub-Şərqi Asiya ilə Qərb arasında mühüm bir bağ rolunu oynayır və regional sülhün, eləcə də iqtisadi əlaqələrin davamlı inkişafının təmin olunmasına fəal şəkildə töhfə verir. Pakistan həmişə ölkələr arasında iqtisadi maneələrin aradan qaldırılmasının və regional infrastrukturun inkişaf etdirilməsinin tərəfdarı olub.
Senat sədri qeyd edib ki, terrorizmə qarşı mübarizə, regional sülhün bərqərar edilməsi və dayanıqlılığın təmin olunması Pakistanın əsas prioritetlərindən biridir. Bu istiqamətdə nəzərdə tutulmuş proqramların icrası, müqavimət gücünün artırılması və transmilli, regional layihələrin həyata keçirilməsi vacibdir. O, parlamentlərarası əməkdaşlığın iqlim dəyişikliyi ilə mübarizə, su hövzələrinin təhlükəsizliyinin təmin edilməsi və keçid proseslərinin asanlaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Pakistan dünyada kibercinayətkarlığa qarşı güclü müdafiə mexanizmlərinin qurulmasının və bu sahədə qlobal əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Syed Yusuf Raza Gilani bildirib ki, regional şəbəkənin formalaşması, siyasətlərin qəbul edilməsi və ölkələr arasında mövcud fərqlərin aradan qaldırılması üçün bəzi sahələrə daha çox diqqət yetirilməlidir. Bu istiqamətdə parlamentlərin fəal iştirakı təmin edilməli və müvafiq strukturlar yaradılmalıdır. APA çərçivəsində qanunvericilik sahəsində əməkdaşlığın gücləndirilməsi boşluqları dolduracaq və regional məsələlərin həllində ölkələri bir-birinə daha da yaxınlaşdıracaq.