AZ

Kişilər niyə şiddətə məruz qalır? -

2024-cü ildə Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildə isə bu rəqəm 65 olub. Ötən il şiddətə məruz qalan kişilərin sayı azalsa da, ümumilikdə "860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti"nə daxil olan müraciətlərin sayı 302-dən 330-a qalxıb. Təəssüf ki, qadınların zorakılığa məruz qalması təkcə ölkəmizdə deyil, bütün dünyada nə qədər qınanılsa da, baş verir. Kişilərə şiddət göstərilməsi isə nisbətən öyrəşilməmiş haldır. Maraqlıdır, kişilər niyə şiddətə məruz qalırlar? Mail Yaqub Metbuat.az-a açıqlamasında bildirib ki, zorakılıq halları dominantlığın olduğu yerlərdə baş verir: “Bəzi ailələrdə, xüsusilə Azərbaycan reallığında dominant, yəni ailədə hakim gücə sahib olan tərəf adətən kişilər olur. Lakin bəzi istisna hallarda qadınlar da dominant mövqedə ola bilirlər. Harada ki, bir insan güclüdür və qarşı tərəfi zəif görür, orada zorakılıq halları baş verə bilər. Bu, təkcə bizdə deyil, bütün dünyada müşahidə olunan bir fenomendir. Ailə zorakılığı ilə bağlı statistikalar da bunu sübut edir. Məsələn, Avropada ailə zorakılığı hallarında qadınların kişilərə şiddət göstərmə faizi təxminən 5-6 faiz civarındadır”. Sosioloq Elçin Bayramlı da bununla bağlı danışarkən bu halların bütün qeyri-sağlam cəmiyyətlərdə rast gəlinən problem olduğunu söyləyib: “Ümumiyyətlə, zorakılıq cinsindən və kim tərəfindən törədilməsindən asılı olmayaraq, qeyri-insani və yolverilməz bir hərəkətdir. Belə hallarda sağlam psixologiyadan danışmaq mümkün deyil. Bu, səhiyyənin, daha dəqiq desək, psixiatriyanın problemidir. Çünki zorakılığa əl atan şəxslər əksər hallarda ağır dərəcəli psixi problemlərdən əziyyət çəkirlər. Təəssüf ki, bizim cəmiyyətdə psixi xəstələr heç bir nəzarət və müalicə olmadan sərbəst şəkildə dolaşırlar. Normal cəmiyyətdə isə belə şəxslər qapalı dispanserlərdə ciddi müalicə almalı, sağaldıqdan sonra cəmiyyətə qaytarılmalıdırlar. Bizdə isə psixi pozuntuları olan şəxslər nə müayinədən keçir, nə də müalicə alırlar. Nəticədə, bu insanlar ağır cinayətlərə – qətl, zorlama və digər zorakılıq hallarına səbəb olurlar”. Sosioloq bildirib ki, hər bir cəmiyyətdə hamının psixi cəhətdən tam sağlam olması mümkün deyil: “Əksər hallarda stressin çox olduğu, mənəvi deqradasiyanın baş verdiyi və qeyri-sağlam münasibətlərin hökm sürdüyü yerlərdə belə hallar daha tez-tez baş verir. Lakin bunun qarşısını almaq üçün müxtəlif institutlar və sistemlər mövcuddur. Məsələn, əhali arasında kütləvi tibbi müayinələrin, o cümlədən psixi sağlamlıq yoxlamalarının təşkili vacibdir. Necə ki, narkoloji müayinələr aparılır, eyni qaydada psixi sağlamlıq da yoxlanmalıdır. Çünki psixi problemləri olan insanlar potensial cinayətkarlardır və onların nəzarətsiz şəkildə cəmiyyət içində dolaşması təhlükəlidir. Bu, dövlətin üzərinə düşən bir problemdir. Digər tərəfdən, insanların bir-birinə münasibəti də önəmli rol oynayır. Əgər bir ailədə zorakılıq baş verirsə, burada yalnız bir tərəf deyil, hər iki tərəfin psixi vəziyyəti nəzərə alınmalıdır. Bir tərəf psixi problem yaşayırsa, digər tərəf bunu vaxtında dərk edib tədbir görməlidir – ya ayrılmalı, ya da qarşı tərəfin müalicə almasını təmin etməlidir. İnsanlar ailə qurmazdan və ya dostluq, münasibət yaratmazdan əvvəl qarşılarındakı insanın psixi sağlamlığını nəzərə almalıdırlar. Çünki psixi problemləri olan insanlarla münaqişələr gec-tez cinayətə səbəb ola bilər”. E.Bayramlı qeyd edib ki, son dövrlərdə qadınların zorakılığa daha çox əl atması cəmiyyətin mənəvi deqradasiyasının göstəricisidir: “Qadınların hegemoniyası artdıqca bəzən haqlı, bəzən isə haqsız şəkildə zorakılıq halları baş verir. Halbuki problemlərin həllinin yolları mövcuddur. Əgər münasibət dözülməz hala gəlibsə, zorakılığa əl atmaq əvəzinə, sadəcə sivil qaydada ayrılmaq olar. İstər kişinin qadına, istərsə də qadının kişiyə qarşı zorakılığı qeyri-normal və qeyri-insani bir haldır. Araşdırsaq, hər 100 nəfərdən bir neçəsində psixi xəstəlik aşkarlanacaq. Fakt budur ki, psixi sağlam olmayan insanlar nəinki kənar insanlara, hətta doğmalarına qarşı da fiziki zorakılıq tətbiq edə bilirlər. Halbuki sivil yolla hər bir problemin həlli mümkündür. Buna görə də, problemin əsas həll yollarından biri kütləvi psixi müayinələrin təşkil olunmasıdır. Çünki təkcə məişət zorakılığı deyil, digər ağır cinayətlər də məhz psixi problemləri olan şəxslər tərəfindən törədilir. Belə insanların cəmiyyətdə sərbəst hərəkət etməsi cəmiyyətin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Bunun qarşısını almağın ən effektiv yolu isə onların kütləvi şəkildə psixi müayinədən keçirilməsidir”. Sevinc İbrahimzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanmışdır.

Seçilən
17
metbuat.az

1Mənbələr