Bakı, 19 fevral, AZƏRTAC
Müasir çoxqütblü dünya bütün problemlərimizi həll etməsə də, qlobal balansın yaradılmasına və dövlətlərin suveren hüquqlarının təmin olunmasına əhəmiyyətli töhfə verəcək. Belarus bu istiqamətdə parlament diplomatiyasını əsas vasitələrdən biri kimi görür.
AZƏRTAC xəbər verir ki, bunu Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
Natalya Koçanova vurğulayıb ki, indiki dövrdə və gələcək nəsillər üçün dövlətlərin daxili işlərinə kənardan müdaxilələrin qarşısını almaq məqsədilə ümumi bir strategiya hazırlanmalıdır. “Biz inanırıq ki, XXI əsrdə bölünməz və ədalətli bir dünya qurmaq son dərəcə vacibdir”, - deyə Koçanova qeyd edib.
O, çıxışında gənclərin cəmiyyətin inkişafındakı rolunu xüsusi qeyd edərək bildirib ki, gənclər istənilən ölkənin strateji resursudur. “Əgər gənclərimiz dostluq edərsə, ölkələrimiz də dostluq edəcək”, - deyə Koçanova əlavə edib.
Bundan əlavə, o qeyd edib ki, ölkələrin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə əhalinin rifahını artırmaq və yaşayış şəraitini müasir standartlara uyğunlaşdırmaq üçün davamlı səylər göstərilməlidir.