AZ

BƏƏ rəsmisi: Parlamentlərarası əməkdaşlıq qlobal çağırışların həllində mühüm rol oynayır

Bakı, 19 fevral, AZƏRTAC

Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir beynəlxalq reallıqlar parlament üzvlərindən qlobal problemlərin həllində daha fəal iştirakı tələb edir. Qanunvericilik fəaliyyəti, nəzarət mexanizmləri və sülhün təşviqinə yönəlmiş siyasətlər vasitəsilə parlament diplomatiyası qlobal təhlükəsizlik, sabitlik və rifaha töhfə vermək üçün unikal imkan yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

O, parlamentlərarası əməkdaşlığın iqlim dəyişikliyi, qida təhlükəsizliyi, terrorizmlə mübarizə və insan haqlarının müdafiəsi kimi qlobal çağırışların həllində mühüm rol oynadığını vurğulayıb. Həmçinin iqtisadi və inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsinin, qarşılıqlı maraqlara əsaslanan ticarət və investisiya tərəfdaşlığının təşviqinin vacibliyini qeyd edib.

BƏƏ-nin parlament diplomatiyasının uğurlu nümunə kimi çıxış etdiyini bildirən qonaq ölkəsinin humanizm, tolerantlıq və beynəlxalq sülh siyasətinə əsaslanan diplomatik model formalaşdırdığını, bu çərçivədə humanitar və inkişaf təşəbbüslərini fəal şəkildə dəstəklədiyini diqqətə çatdırıb: “BƏƏ bir çox beynəlxalq məsələlərdə etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. APA çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsi mühüm əhəmiyyət daşıyır”.

O, tədbirin yüksək səviyyədə təşkili və qonaqpərvərlik göstərdiyinə görə Azərbaycan Hökumətinə, parlamentinə və xalqına dərin minnətdarlığını bildirərək, BƏƏ Federal Milli Şurasının sədri Səqər Qobbaşın salamlarını və iclasın uğurla nəticələnməsi üçün xoş arzularını çatdırıb.

Seçilən
13
azertag.az

1Mənbələr