AZ

Murov əməliyyatının canlı şahidi olan polkovnik ilk dəfə danışdı: “Dadaş Rzayevə demişdim ki, Kəlbəcər əldən gedəcək”

Birinci Qarabağ Müharibəsi bir çox faciələrlə tarixə düşdü. 1988-ci ildən başlayan münaqişə 1992-ci ilin əvvəlində qanlı döyüşlərlə davam etdirildi. Havadarlarının köməyindən istifadə edən Ermənistan şəhər və kəndlərimizi işğala məruz qoydu. Minlərlə insan qətlə yetirildi. 1 milyona yaxın azərbaycanlı öz doğma yurd-yuvasından qaçqın düşdü. Birinci Qarabağ Müharibəsində üzləşdiyimiz ən acı faciələrdən biri də, Murov əməliyyatı idi. 31 il əvvəl-1994-cü ilin fevralında Kəlbəcər istiqamətində hücum planlaşdıran Azərbaycan ordusu bir neçə istiqamətdən hücuma keçməliydi. Hərbi birləşmələrimizin bəziləri Kəlbəcər istiqamətində uğurla irəlləsə də, şaxtalı-qarlı hava şəraiti əməliyyata mane oldu. Nəticədə yüzlərlə əsgər donvurmadan həyatını itirdi.

Həmin hadisələrin şahidi, hərbi hissə komandirinin müavini İntiqam Mirzəyevlə Murov əməliyyatı ilə bağlı müsahibə etmişik.

KONKRET.az-ın suallarını cavablandıran keçmiş hərbçi bir çox maraqlı məqamlara toxunub.

-İntiqam müəllim, Murov əməliyyatının iştirakçılarından birisiniz. 31 il əvvələ qayıdıb həmin günləri bir daha xatırlayaq. Nə baş verdi?

-Sizdən xahiş edirəm gəlin bu mövzu barədə danışmayaq.

-Niyə?

-Nə üçün qış vaxtında o hündürlükdə dağda əməliyyat başlayıb? Məqsəd şəxsi heyəti Kəlbəcərə salmaq idi. Kəlbəcər 1993-cü ildə elə-belə verilməmişdi axı. Ona görə nəticə acınacaqlı oldu.

– Hadisə sizin gözünüz qarşısında baş verib. Necə xatırlayırsınız?

-Çox dəhşətli mənzərə idi. Murovda şaxtalı, qarlı havada aşırımları keçmək mümkün deyildi. Tapşırıq isə əməliyyatı davam etdirmək idi. Beş nəfər əsgəri posta qoyuram, sonra gəlib həmin postu yoxlayanda gözlərimə inanmıram. Əsgərlər yoxdur, onları axtarıram. Sonra baxıram ki, gecə səhərə qədər posta dayanan əsgərlər bir-birilərini qucaqlayaraq donub ölüblər. Ona görə, xahiş edirəm, məndən daha heç nə soruşmayın. Danışa bilmirəm, kövrəlirəm, bədənim əsir.

– Sizi anlayıram, danışmaq və xatırlamaq çox çətindir. Bununla belə həmin faciə unudulub yaddan çıxmamalıdır.

– Hadisələri bir daha yadıma salmaq istəmirəm. Mən onu yaşamışam. Postdakı əsgərə yaxınlaşanda ele bilirdim sağdır. Baxırdım ki, mənə baxır, gözü açıqdır. Amma donub ölüb. Gözünün birini yumub, o birisi açıq vəziyyətdə həlak olanları hələ də unuda bilmirəm. Digərinin əli göydə qalıb. Başqa postu yoxlamağa keçəndə orada da, eyni mənzərə ilə rastlaşırdım.

-Çox böyük faciədən danışırsınız.

– Ona görə, söhbətimizi saxlayaq.

-İmkan varsa bir neçə suala da cavab verin. 30-35 dərəcə şaxtada, Murovun keçilməz aşırımlarında döyüş tapşırığını yerinə yetirmək kimin ağlının məhsulu idi?

-Mən şəxsən dəfələrlə demişdim ki, briqadanın şəxsi heyəti istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Amma belə havada və çətin keçilən dağ yollarında bu tapşırığı yerinə yetirmək çox ağırdır. Mən hətta bildirmişdim ki, bu əməliyyat intihar deməkdir, biz çox böyük itkilər verə bilərik.Mən hələ 1993-cü ilin əvvəlində o vavtkı müdafiə naziri Dadaş Rzayevə demişdim ki, Kəlbəcər əldən gedəcək.

-Bunu nəyin əsasında deyirdiniz?

– Necə nəyin? Mən görürdüm ki, Kəlbəcərin müdafiəsi lazımi qaydada təmin olunmayıb. Ermənistan tərəfdən ruslar vuruşurdu. 18 yaşlı çağırışçı əsgər peşəkar rus hərbçisinin qarşısında necə dayana bilərdi? Rus ordusunun tərkibində 18 yaşlı uşaq yox idi. Mən o vaxtı deyəndə ki, Azərbaycan-Ermənistan sərhəddi Kəlbəcər istiqamətində pozuldu, məni dəli adlandırırdılar.

– Biz indi sizinlə Murovda baş verənlərlə bağlı söhbət edirik. Deyirsiniz ki, gözünüzün qarşısında dəhşətli hadisələr baş verib. Amma hələ bir nəfər də olsun günahkarın adını demədiniz. Əməliyyata neçə batalyon cəlb olunmuşdu?

– Azı 6 batalyon idi. Həmin əməliyyata əlavə qüvvələr də göndərilib. Heç onların adı siyahıya da salınmayıb. Mən əsgər tanıyırdım Göyçaydan idi. Göstəriş verdim ki, oturun “Ural” maşınına və hərəkət edin. Onlar yolda çovğuna düşüb və maşın aşıb, əsgərlərin çoxu həlak olub, bəziləri də yaralanmışdı. Həmin hadisədən sağ çıxanlara sonradan veteranlıq vermədilər ki, sən güllə atmamısan, döyüşməmisən. Bu adam döyüş tapşırığını yerinə yetirməyə gedir və əgər həmin maşın qəzaya düşməsəydi “Ural”dakı əsgərlər döyüşə girəcəkdilər. Bəs yaxşı, o zaman bu uşaqlara veteran statusu niyə verilmədi? Murov əməliyyatından sağ çıxanlar da belə haqsızlıqla üzləşdilər”.

İtiqam müəllim danışdıqca kövrəlir, elə bil o dəhşətləri yenidən yaşayır. Murovun zirvəsində donub ölən əsgər və zabitləri xatırlayır, gözləri dolur.

-Bəs kim idi günahkar?- sualına isə cavab vermir.

-Daha bəsdir, danışa bilmirəm-deyir

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr