AZ

Türkiyə parlamentarisi: Azərbaycan regional sabitlik üçün mühüm mərkəz rolunu oynayır

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan regional sabitlik üçün mühüm mərkəz rolunu oynayır. Torpaqlarının 30 ilə yaxın davam edən ədalətsiz işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması təkcə Azərbaycan üçün deyil, bütün region üçün də əhəmiyyətli addımdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri böyük irəliləyişlərə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

Abdulkadir Emin Önen qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ədalətli və davamlı nəticə verməsi təkcə bu iki ölkə üçün deyil, bütün regionda sabitliyin və rifahın gücləndirilməsi baxımından önəmlidir. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.

Türkiyə deputatı Asiyanın Qərbdən Şərqə və Cənubdan Şimala uzanan zəngin mədəni müxtəlifliyinə diqqət çəkərək bildirib ki, qitə bəşəriyyətin ən böyük və qədim yurdu olsa da, bəzi problemlər səbəbindən potensialını tam reallaşdıra bilmir.

Abdulkadir Emin Önen bildirib ki, Asiyanın mövcud zənginliyini firavanlığa çevirmək üçün birgə fəaliyyət zəruridir. Əməkdaşlıq və həmrəylik sayəsində daha yüksək inkişaf səviyyəsinə çatmaq mümkündür. Bu məqsədlə, çoxölçülü və təkmil əməkdaşlıq mexanizmlərinin qurulmasına ehtiyac var.

“İkitərəfli əlaqələrin gücləndirilməsi vacibdir, lakin çoxtərəfli əməkdaşlıq daha böyük əhəmiyyət daşıyır. Çoxtərəfli əməkdaşlığın gücləndirilməsi regionda uzunmüddətli sülh, sabitlik və inkişaf üçün vacibdir”, - deyə Türkiyə parlamentinin nümayəndəsi qeyd edib.

Seçilən
20
1
azertag.az

2Mənbələr