AZ

“Heç yerdə işləməyən gənclərdən təcrübə tələb edilir” – MÜTƏXƏSSİS ŞİRKƏTLƏRİ TƏNQİD ETDİ

Ölkəmizdə gənclərin işsizlik problemi, təcrübəsizlik və peşə uyğunluğunun olmaması kimi çətinliklərlə bağlıdır. Dövlət, məşğulluq proqramları, peşə kursları və özünüməşğulluq layihələri ilə gəncləri dəstəkləyir.

Bununla yanaşı, gənclərin iş tapmaqda qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün atılacaq növbəti addımlar nələrdir?

Mövzu ilə bağlı insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov Avtosfer.az-a açıqlamasında bildirib ki, gənclərin iş tapmaqda ən çox qarşılaşdığı problemlərdən birincisi təcrübəsizlik məsələsidir:

“Müəssisələr iş elanlarında təcrübə tələb edirlər, buna görə də təcrübəsi olmayan yeni məzun olmuş və iş axtarmağa başlayan şəxslər müraciət edə bilmirlər və ya müraciətləri dəyərləndirilmir. Bu vəziyyətlə mübarizə aparmaq üçün gənclərə təklif edərdim ki, universitet illərində və ya məzun olduqdan sonra ödənişli və ya ödənişsiz təcrübə proqramlarında iştirak etsinlər. Bu proqramlar vasitəsilə ixtisaslaşmaq istədikləri sahə üzrə təcrübə toplaya bilərlər. Təcrübə qazandıqdan sonra isə həmin sahədə iş tapmaq daha asan olacaq.

Bir çox hallarda gənclərin iş tapmaqda üzləşdikləri çətinliklərdən biri də vaxtında karyera planlaması etməməsidir. İstər məktəb illərində, istərsə də universitet illərində düzgün karyera istiqamətini müəyyən etmirlər. Universitetə qəbul olurlar, lakin bir çox hallarda hansı sahədə ixtisaslaşmaq istədiklərini bilmir və bunun nəticəsində peşəkar inkişafları və karyeraları zəif qalır.

Əlbəttə ki, məqsədyönlü karyera planlaması etmiş və nə istədiyini bilən gənclərimiz də çoxdur. Amma bəzi gənclər məzun olduqdan sonra hansı sahədə çalışmaq istədiklərini müəyyən edə bilmir və nəticədə, karyera planlaması olmadığı üçün öz sahələrində dərinləşmə və təkmilləşmə imkanı əldə etmirlər. Bu halda qeyd etmək lazımdır ki, texnologiya dövründə yaşadığımız üçün proseslər çox sürətli şəkildə inkişaf edir. Gənclərimizə çevik şəkildə bu dəyişikliklərə uyğunlaşmaq vacibdir. Əgər biz bu dəyişikliklərə uyğunlaşmasaq, dövrün tələblərinə uyğun olmayan kadrlar olacağıq və bu da iş tapmaqda çətinliklər yaradar.

Mütəxəssis əlavə olaraq qeyd edib ki, həmçinin hazırda işləyənlər özlərini bu dəyişikliklərə uyğunlaşdırmasalar, bir müddət sonra işlərini itirmək riski ilə qarşılaşa bilərlər:

“Gənclərin işsizlik problemini həll etmək məqsədilə Dövlət Məşğulluq Agentliyinin müxtəlif peşə proqramları mövcuddur. Bu proqramlar vasitəsilə gənclər həm nəzəri, həm də praktiki dəstək alaraq məşğulluqlarını təmin edə bilər, eyni zamanda peşə biliklərini artıraraq iş tapmaq şanslarını yüksəldirlər”.

Dövlət Məşğulluq Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, gənclərin məşğulluğunun artırılması və kiçik biznesə çıxış imkanlarının dəstəklənməsi məqsədilə bir sıra layihələr həyata keçirilib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu qurum, aktiv məşğulluq tədbirlərində gənclərə xüsusi üstünlük verərək onların işlə təminatını və özünüməşğulluğunu dəstəkləyib.2024-cü ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 55 063 gənc münasib işlərlə təmin olunub, 2250 gəncə isə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilərək onlar üçün kiçik bizneslər qurulub. Peşə hazırlığı kurslarına isə 7 716 gənc cəlb edilib və onlara müasir əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib”.

Agentlik gənclərin peşə və ixtisas seçimini dəstəkləyən peşəyönümü məsləhət xidmətləri vasitəsilə ötən il 204 minədək gənci əhatə edib. Bu xidmətlər, gənclərin peşə maraqlarının formalaşmasına və karyera planlamalarına kömək edir:

“Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilən “Səyyar Kofe Evləri” layihəsi də gənclərə kiçik biznes qurmaq imkanı verib. Bu layihə çərçivəsində Bakı və Abşeron rayonu üzrə barista sahəsində çalışmaq istəyən gənclər üçün səyyar kofe satışı istiqamətində bizneslər qurulub. Hazırda layihə regionlarda da həyata keçirilir və müraciət qəbulu davam edir.
Bundan əlavə, Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur. Bu tədbirlərdə iştirakçılara karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və digər mövzularda məlumat verilir.


Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Gənclərin Biznes Emalatxanası”, “İrəliləyİş”, “Biznesini Yarat Marafonu” kimi layihələr də gənclərin iş dünyasında daha fəal rol oynayaraq öz bizneslərini qurmasına şərait yaradır.
Bu layihələr gənclərin məşğulluğunu artırmaq və onları iqtisadiyyatın aktiv iştirakçıları etmək məqsədini güdür və bu sahədə davamlı dəstək göstərilir”.

Eltac Zülfüqaroğlu

Seçilən
46
avtosfer.az

1Mənbələr