Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi yazılı açıqlamada dünən gecə Rusiya ordusunun Ukraynanın Odessa şəhərindəki enerji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Rusiyanın ölkəsinə hücumlarının davam etdiyini qeyd edən Zelenski, Ukraynadakı mülki və enerji infrastrukturlarının 3 ildir hədəfə alındığını bildirib.
ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukraynadakı müharibəni sona çatdırmaq məqsədi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüşünə də toxunan Zelenski, “Dünən Ər-Riyaddakı kədərli görüşdən sonra Rusiya nümayəndələrinin enerji sektoruna hücum etmədiklərinə dair yalanları bir daha üzə çıxdı” deyib.
Zelenski hücumlar nəticəsində Odessada 13 məktəb və ən azı 160 min insanın işıqsız və istiliksiz qaldığını bildirib.
Moskva rəhbərliyinə güvənmədiklərini qeyd edən Zelenski, “Sülh naminə onlara təzyiq edilməlidir” sözlərini də işlədib.
Aytən Yaşar/ Turkustan.az