Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka" sularının istehsalı ilə məşğul olan “Gədəbəy Mineral Suları” MMC-nin külli-miqdarda vergi borcunun olması bu şirkətin idarəetməsində korrupsiya elementlərinin olması barədə ehtimalları artırır...
AzFakt.com-un əldə etdiyi məlumata görə artıq bir sıra aidiyyatı dövlət qurumları ölkənin ən iri su istehsalçılarından biri olan “Gədəbəy Mineral Suları” MMC-nin dövlətə milyonlarla vergi borcu olduğuna görə qısa zamanda ciddi araşdırmalara başlayacaq.
Ölkənin ən dilbər guşəsindən olan Gədəbəy rayonunun dağlarında mineral tərkibi zəngin olan bulaqları istismar edərək böyük vəsaitlər qazanan şirkətin hansı səbəbə görə vergi borcunu ödəməməsi iqtisadçı ekspertlər arasında da müzakirə mövzusuna çevrilib.
Əldə etdiyimiz məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin 8 milyon manata yaxın vergi borcunun yaranmasına əsas səbəb bu şirkətin rəhbərliyinin uğursuz iş mexanizmi və müxtəlif məzmunlu büdcədən israf edilən xərclər olub.
Belə ki, şirkət rəhbərliyi büdcədən mal və avadanlıqların alınmasına, cari təmir işlərinə xərclənən vəsaitləri şişirdib.
Eyni zamanda "Gədəbəy" və "Slavyanka" sularının reklamına da büdcədən külli-miqdarda vəsaitin silindiyi bildirilir.
Məlumata görə “Gədəbəy Mineral Suları” MMC-nin vəsaitlərinin talan edilməsi 2021-ci ildən başlayıb.
Qeyd edək ki, “Gədəbəy Mineral Suları” MMC-yə müxtəlif dövlərdə ayrı-ayrı şəxslər rəhbərlik edib. Şirkətə 2011-ci ildən başlayaraq müxtəlif dövrlərdə Cabbarov Rasim Əmir oğlu, Vəliyev İntiqam Şahmalı oğlu, Əliyev İlham Paşa oğlu, Əhmədov Rövşən Nurəddin oğlu və Əlizadə Füzuli Camalxan oğlu rəhbərlik edib.
2021-ci ilin aprel ayının 22-də “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə Haqverdiyev Adil Fəxrəddin oğlu gətirilib.
2023-cü ilin oktyabr ayının 4-də şirkətin rəhbərliyində Haqverdiyev Adil Fəxrəddin oğlunu Fərzəliyev Ramil Calal oğlu əvəzləyib.
Ramil Fərzəliyev “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətiriləndən qısa zaman sonra Adil Haqverdiyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi olub.
Adil Haqverdiyev 2025-ci ilin əvvəlinə qədər bu vəzifədə çalışıb.
“Gədəbəy Mineral Suları” MMC-yə rəhbərlik etmiş digər şəxslərın hazırda hansı sahədə çalışdığı barədə məlumat əldə edə bilməsək də, 2021-ci ildən sonra şirkətə rəhbərlik edən Adil Haqverdiyevin hazırda "İstisu" şirkətinin rəhbəri olduğu deyilir.
Cari ilin əvvəlində Ramil Fərzəliyev yenidən “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə gətirilib. Müxtəlif illərdə şirkətə rəhbərlik etmiş hər iki şəxsin aidiyyatı qurumlarda sorğulanacağı vurğulanır.
Xatırladaq ki, “Gədəbəy Mineral Suları” MMC-nin hazırda dövlətə 7.678.035 manat vergi borcu var.
Poliqon.info