AZ

“İstisu” Gürcüstanda satışa çıxarıldı

“İstisu” mineral suyunun istehsalının bərpa edilməsindən sonra əsas hədəflərdən biri məhsulun xarici bazarlara çıxarılması olub. Bu məqsədlə təbii xəzinəmiz bir sıra ölkələrdə sərgilənib və təşviq olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Kəlbəcərin məşhur “İstisu”yunun ilk təqdim olunduğu xarici bazarlardan biri Gürcüstandır. Belə ki, işğal səbəbindən 27 illik fasilədən sonra şöhrətini özünə qaytarmaqda olan Azərbaycanın “İstisu”yu Gürcüstanda da əlçatan olub.

Bu zamana qədər Azərbaycanın “Sirab” və “Badamlı” kimi digər mineral suları Gürcüstana ixrac edilməyib. Bunun əsas səbəblərindən biri qonşu ölkədə yerli mineral su məhsullarının zəngin çeşidinin olmasıdır. “İstisu” Gürcüstan bazarına çıxarılmış Azərbaycanın ilk mineral suyu olub.

“İstisu”yun 0,5 litrlik və 1 litrlik plastik qabdakı çeşidləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) YDM şəbəkələrində fəaliyyət göstərən “Way Mart” mağazalarında alıcılara təklif olunur.

“Way Mart” şəbəkəsi SOCAR-ın 70-dən çox YDM-ni əhatə edir. Mağazaların assortimentləri yerli məhsullarla yanaşı, xarici eksklüziv məhsullardan ibarətdir. “İstisu” mağazaların rəflərində Gürcüstanın qazlı və qazsız mineral suları ilə yan-yana düzülüb. Əfsanəvi mineral suyumuzun Gürcüstanda da əlçatan olmasını görmək qürurverici hissdir.

Suların qiymətinə gəlincə, “İstisu”yun 0,5 litri 2,30 lariyə (1.39 AZN), 1 litri isə 3,20 lariyə (1.93 AZN) satılır.

Seçilən
8
2
publika.az

3Mənbələr