“Turan Tovuz”un yeni transferinin debütü uğurlu alındı.
Kolumbiyadan olan Hayderson Hurtado “Araz-Naxçıvan”la oyunda start heyətində yer almamışdı.
Lakin Kurban Berdıyev məcburiyyətdən Haydersona şans verdi ki, o da ilk oyundaca komandasına qələbə qazandıran qolun müəllifinə çevrildi.
Hakimin final fitindən sonra Haydersonun sevincini görməyə dəyərdi. Mərkəz müdafiəçisi sevincini azarkeşlərlə bölüşür, heç bir halda paltardəyişmə otağına yollanmaq istəmirdi.
Açıq-aşkar görünürdü ki, tribunalardan gördüyü dəstək ürəyinə yağ kimi yayılıb. “Turan Tovuz”un azarkeş qrupunun rəhbəri Kamal Saqqayev yeni transferi azarkeşlərlə ayrıca sevinməyə dəvət edincə, fotosessiya başladı.
Əlində telefon olanlar matçın qəhrəmanı ilə selfi çəkdirir, unudulmaz günü xatirəyə çevirmək istəyirdi. Sevincək Hurtado bir sözü iki etmədən fanatların xahişini yerinə yetirirdi.
Daha bir maraqlı görüntü klubun rəhbəri Ehtiram Quliyevin və digər rəsmilərin kolumbiyalı legioneri paltardəyişmə otağına ayaqüstə alqışlayaraq yola salmaları idi.
HƏBİB / SPORTİNFO.AZ