3 aydır ki, futbolu tamamən bitirmişəm.
"Operativ Media" xəbər verir ki, bunu "CBC Sport"da yayımlanan "Start" verilişində qonaq olan Azərbaycan millisinin üzvü Aysun Seydiyeva deyib.
O, bəzi xoşagəlməz səbəblərə görə karyerasını bitirmək qərarını verdiyini bildirib.
"Beynimdə futbol karyeramı bitirmək çoxdan var idi. Əslində oynamaq istəyərəm, amma bəzi xoşagəlməz səbəblərə görə, komanda içində, komandanın başında olan şəxslərə görə, Soçidəki təlim-məşq toplanışından qabaq artıq qərar vermişdim ki, mən milli komandanın tərkibinə qatılmaq istəmirəm və bu haqda da məşqçi ilə danışmışdım. Məlumatı var idi ki, mən bu təlim-məşq toplanışı haqqında istəksizəm. Amma, o, "Hər şey yaxşı olacaq, biz sənə inanırıq, dəyərlisən" deyərək komandada tutmaq istəyirdi. Təlim-məşq toplanışına getdim, amma fikrimdə bitirmək var idi deyə, o ab-hava mənə xoş gəlmirdi".
Aysun Seydiyeva həm milli, həm də klub karyerasını bitirdiyini açıqlayıb.
"İnsan həyatda da belədir, bir şey ki, əgər sənin ürəyinə getmək gəlibsə getməlisən. Qalanda artıq hər şey yaxşı olmayacaq. Mən də karyeramı uzun müddətdir bitirməyi düşünürdüm. Amma 3 aydır ki, futbolu tamamən bitirmişəm Həm milli komandada, həm klubda. Sadəcə özüm üçün fərdi fitnes məşqləri edirəm. Bəzən çox darıxsam, məhəllədə balaca uşaqlarla futbol oynayıram".