Bakı, 19 fevral, AZƏRTAC
Qlobal qeyri-müəyyənliklər fonunda parlament siyasətinin gücləndirilməsi vacib amildir. Ölkələr arasında ortaq maraqların formalaşması parlament diplomatiyasının sülh və tərəfdaşlıq prinsipləri əsasında inkişafına töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kamboca Senatının İnsan Hüquqları, Şikayətlərin Qəbul Edilməsi və Təhqiqat Komissiyasının sədri Chanphal Ngy Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
O, müasir dövrdə beynəlxalq təhlükəsizliklə bağlı artan narahatlıqlara toxunaraq, qlobal sistemdə mürəkkəb problemlərin meydana çıxdığını vurğulayaraq deyib: “Beynəlxalq nizamın zəifləməsi, gərginləşən münaqişələr və çoxtərəfli əməkdaşlığa artan ehtiyac beynəlxalq siyasətin kritik mərhələyə çatdığını nümayiş etdirir. Çoxqütblü dünya nizamına keçid dialoq, qarşılıqlı hörmət və etimadın qurulması kimi yenilənmiş öhdəliklər tələb edir. Parlament diplomatiyasının və humanitar siyasətin inkişafında dialoq mədəniyyətinin qorunması əhəmiyyətlidir”.
Chanphal Ngy Kambocanın sülhün dəyişdirici gücünə bir nümunə olduğunu qeyd edərək, ölkəsinin uzun illər davam edən münaqişələrdən sonra iqtisadi artım, yoxsulluğun azaldılması və sosial inkişaf sahələrində əhəmiyyətli uğurlar əldə etdiyini bildirib. Yeni Baş nazirin rəhbərliyi altında Kambocanın uğurlu siyasətini davam etdirdiyini deyən nümayəndə ölkəsinin 2030-cu ilə qədər yüksək orta gəlirli, 2050-ci ilə qədər isə yüksək gəlirli dövlət statusuna çatmağı hədəflədiyini diqqətə çatdırıb. Həmçinin Kambocanın demokratiya və davamlı inkişaf yolundakı nailiyyətlərini xüsusi vurğulayaraq, bu prosesin digər ölkələr üçün də ilham mənbəyi ola biləcəyini qeyd edib.