Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçirilir.
APA-nın xəbərinə görə, sessiya “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilib.
Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi deyib ki, təşkilat maliyyə məsələlərində böyük tərəqqi əldə etməkdədir: “Builki qətnamə birbaşa olaraq maliyyənin bölüşdürülməsi məsələlərini təmin edəcək, bu da Asiya Parlament Assambleyasının fəaliyyətini daha da gücləndirəcək. Nəticədə biz hədəflərimizə nail olacağıq və ortaq hədəflərimizi artıracağıq. Asiya Parlament Assambleyası kritik məsələləri yaxşı idarə etmə kimi məqsədləri əsas götürür. Fələstin məsələləri ilə bağlı da Assambleyada müzakirələr aparmışıq. İcraçı Şura Oman Sultanlığının tamhüquqlu üzv olmasını və Belarusun müşahidəçi olaraq qəbul edilməsini dəstəkləyib”.
Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev çıxışında Qərbi azərbaycanlıların problemini qaldırıb: “Hələ də 300 minə yaxın azərbaycanlı öz evlərindən didərgin düşmüş vəziyyətdə yaşayır. Biz bu problemi beynəlxalq platformalarda da səsləndirmişik. Bu, beynəlxalq hüquq normalarının tələb etdiyi bir məsələdir”.
Çoxqütblülüyə dəstəklərini ifadə edən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin Təhsil, elm, mədəniyyət və səhiyyə Komitəsinin sədr müavini Xiaoyu Qu bildirib ki, rəsmi Pekin hər zaman qonşuluq diplomatiyasına üstünlük verir: “Çin sülh, əmin-amanlıq və mehriban birgəyaşayışın Asiya regionunda inkişafını dəstəkləyəcək. Çin ortaq gələcəyin Asiya icmasını qurmaq üçün qonşularımızla işləməyə hazırdır”.
Kipr Nümayəndələr Palatasının üzvü Nikolaos Tornaritis hesab edir ki, bugünkü təlatümlü dünyada parlament diplomatiyasının həlledici rolu var: “Parlament diplomatiyası qarşılıqlı anlaşmanı, həm də münaqişələrin sülh yolu ilə həllini təşviq edir”.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (PABSEC) Baş katibi Asəf Hacıyev bu gün dünyada 75 nəfərdən 1-nin, Qara dəniz sahili ölkələrində 35 nəfərdən 1-nin qaçqın olduğunu nəzərə çatdırıb: “Qaçqın problemi dünya iqtisadiyyatına 1 trilyon dollardan çox ziyan vurur. Bütün Assambleyaların əsas məqsədi sülh və sabitliyi regionlarda bərpa etməkdir. Tərəqqi əldə etməyin yolu əməkdaşlıqdan keçir”.
MDB Parlamentlərarası Assambleyasının (IPA CIS) Baş katibi Dmitriy Kobitskiy nəzərə çatdırıb ki, MDB PA-ya üzv olan 8 dövlətdən 6-sı həm də Asiya Parlament Assambleyasının üzvüdür: “MDB PA hər zaman dialoqa açıqdır. Biz həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa hazırıq”.
Əl-Qüds naminə Parlamentlər liqasının Prezidenti Hamid Abdullah Hussein Əl-Ahmar çıxışında Fələstin probleminə diqqət çəkib.
Beynəlxalq Parlament Konqresinin (IPC) Prezidenti Abdelrahim Falah Obeidallah Əl-Maaya deyib ki, qlobal ticarətə və sülhə töhfə verməyə çalışmalıdırlar: “Ölkələr arasında rəqəmsal məsələləri həll etməyə çağırıram. Ən böyük hədəfimiz sülhün bərqərar olmasının əhəmiyyətini vurğulamaqdır. Asiya qitəsində bütün silahlı qarşıdurmalara qarşı bizim birgə səyimiz olmalıdır. Çünki siyasi və iqtisadi sabitliyin olmaması iqtisadiyyatlarımıza ziyandır”.
Sessiya sabah işini davam etdirəcək.