AZ

Rayonlarda avtobuslar nə vaxt yenilənəcək? -

Bölgələrdə ictimai nəqliyyatın əsasını təşkil edən avtobusların vəziyyəti ürəkaçan deyil. Rayon avtobuslarının əksəriyyəti köhnəlib, texniki baxımdan nasazdır və sərnişinlər üçün rahat şərait yaratmır. Bəzi marşrutlarda avtobus çatışmazlığı müşahidə olunur, bu da insanların uzun müddət gözləməsinə və nəqliyyat problemləri ilə üzləşməsinə səbəb olur. Mövzu ilə əlaqədar nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a açıqlamasında bildirib ki, az sayda rayonlarda müasir standartlara cavab verən avtobuslarla sərnişindaşıma həyata keçirilir. Bakıdan rayonlara sərnişindaşıma isə daha çox fərdi taksi xidməti ilə təşkil olunur: “Bakı ilə rayonlar arasında avtobusların geniş istifadəsi müşahidə olunmur ki, bu da avtobus parklarının yetərsizliyinin göstəricisidir. Hətta bəzi rayonlarda ümumiyyətlə avtovağzal mövcud deyil. Məsələn, Ucar rayonu ilə bağlı aparılan çəkilişlərdə bu problemin mövcud olduğu göstərilib. Digər rayonlarda isə sadəcə müəyyən bir ərazi ayrılaraq oradan avtobuslar yola salınır, lakin sərnişinlər üçün rahat gözləmə yerləri, xidmətlər və infrastruktur yoxdur”. Ekspert qeyd edib ki, bəzi inkişaf etmiş rayonlarda, məsələn, Gəncə, Mingəçevir və Lənkəranda avtovağzallar mövcud olsa da, digər rayonlarda köhnə avtovağzalların əksəriyyəti iş adamları tərəfindən alınıb və onların yerində şadlıq sarayları, mağazalar və digər obyektlər tikilib. Bu da avtovağzalların əvvəlki funksiyasını tamamilə itirməsinə səbəb olub. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Metbuat.az-ın sorğusunu cavablandırıb: “Regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
20
6
metbuat.az

7Mənbələr