AZ

Asəf Hacıyev: Bu gün dünyada hər 75 nəfərdən biri qaçqındır

Bakı, 19 fevral, AZƏRTAC

Asiya dünyanın ən böyük qitəsidir və burada dünya əhalisinin təxminən 60 faizi yaşayır. Eyni zamanda, Asiya təbii sərvətlərlə zəngin bir regiondur. Qitədə əsas nəqliyyat marşrutlarından biri olan qədim İpək Yolu Çindən başlayaraq Mərkəzi Asiyadan keçib, Qara dəniz regionuna, oradan isə Avropaya qədər uzanır. Bu səbəbdən, regionlararası əməkdaşlığa ciddi diqqət yetirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə APA arasındakı əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Asiya qitəsi təkcə regional deyil, qlobal miqyasda da çox vacibdir. Ötən il bütün dünya üçün çətin bir sınaq ili olub. Bu çətinliklər təkcə Avropa və ya Asiya ilə məhdudlaşmayıb, bütün dünyada qaçqınlar problemi ciddi narahatlıq doğurub.

“Bu gün dünyada hər 75 nəfərdən biri qaçqındır. Xüsusilə Qara dəniz regionuna nəzər salsaq, bu göstərici hər 35 nəfərdən birinə çatır ki, bu da çox yüksək rəqəmdir. Qaçqınların dünya iqtisadiyyatına vurduğu ziyan isə bir trilyon dollardan çoxdur. Bu, tək bir regionun və ya qitənin deyil, bütün dünyanın problemidir”, - deyə baş katib bildirib.

O əlavə edib ki, bu qlobal problemi həll etmək üçün parlament diplomatiyasının rolu çox vacibdir. Assambleyalar arasında güclü əməkdaşlıq əlaqələri qurulmalıdır. Əsas məqsəd isə bütün assambleyaların ortaq hədəfi olan tərəqqini bərpa etməkdən ibarətdir.

Seçilən
24
1
azertag.az

2Mənbələr