AZ

Silsilə plastik əməliyyat etdirən məhşurlar psixi xəstəlikdən əziyyət çəkir? – Psixiatr açıqladı

Son illərdə insanlar xoşbəxtliyi xarici görünüşlərindəki dəyişikliklərdə axtarmağa meyilli olublar. Müğənni Aysun İsmayılova da boşandıqdan sonra plastik əməliyyatlar etdirərək həyatında yeni bir səhifə açdığını bildirib. O, gözəllik dəyişikliyinin xoşbəxtliyə aparan yol olduğunu düşünənlərdən biridir. Lakin psixoloqlar və psixiatrlar bu məsələyə fərqli yanaşırlar. Bəzi mütəxəssislər xoşbəxtliyin beyində başladığını və xarici dəyişikliklərin yalnız müvəqqəti təsir etdiyini vurğulayırlar.

Yenisabah.az bu məsələnin psixoloji tərəfini araşdırmaq üçün psixiatr Azər Bağırovla  mövzunu müzakirə edib. Ekspert bildirib ki, səhnə adamları üçün xarici görünüş, adi vətəndaşlarla müqayisədə daha vacibdir:

“Dünya təcrübəsində belə bir yanaşma mövcuddur ki, plastik-estetik əməliyyat keçirməzdən əvvəl insanın psixi sağlamlığı dəyərləndirilməlidir. Bu, insanın özünü dəyişdirmə istəyinin nə dərəcədə sağlam və əsaslı olduğunu müəyyən etməyə kömək edir. Məsələn, bir şəxs sinə və ya burun plastikası etdirmək istəyirsə, onun buna nə qədər ehtiyacı olduğu və əməliyyatdan sonra nə dərəcədə razı qalacağı dəyərləndirilməlidir”.

Həkim onu da vurğulayıb ki, psixoloji pozuntuya sahib olan insanlar görünüşləri ilə bağlı ciddi narahatlıq keçirirlər və bu əməliyyatlarla aradan qalxmır:

“Bədən Dismorfik Pozuntusu (dismorfofobiya) adlı bir anlayış mövcuddur. Bu pozuntuya sahib insanlar bədənləri ilə bağlı hədsiz inamsızlıq yaşayırlar. Halbuki, real olaraq bədənlərində böyük bir qüsur olmur. Onlar kiçik detalları gözlərində böyüdür və narahatlıq hissi keçirirlər. Dismorfofobiyası olan insanlar plastik əməliyyat etdirdikdən sonra da xoşbəxt ola bilmirlər. Çünki bir müddət sonra başqa bir qüsur tapıb onu problem kimi qəbul edir və yenidən əməliyyata ehtiyac duyurlar. Bu isə silsilə əməliyyatların yaranmasına səbəb olur.

İnsanın xoşbəxtliyi daha çox onun daxili dünyası ilə bağlıdır. Xarici görünüş vasitəsilə xoşbəxt olmağa çalışmaq narsistik bir davranış kimi qiymətləndirilir. Normal şəraitdə xarakterində hər hansı patologiya olmayan insanlar özlərini başqalarına sübut etməyə ehtiyac hiss etmirlər və zahiri görünüşlərində radikal dəyişikliklər etməyə meyilli olmurlar. Xarici görünüşdəki dəyişikliklərin insan xoşbəxtliyinə təsiri isə çox az olur. Əksinə, narsist insanlar sosial münasibətlərdə çətinlik çəkir, dərin emosional bağlar qura bilmirlər və empatiya qabiliyyətləri zəif olur. Onlar sevgi və şəfqət duyğularını dərin yaşayamadıqları üçün keçici, zahiri görünüşə əsaslanan bəyənilmələrdən enerji alırlar. Lakin bu üsul uzunmüddətli xoşbəxtlik təmin etmir”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
751
1
yenisabah.az

2Mənbələr