“Los-Anceles”in fransız mərkəz hücumçusu Olivye Jirunun evi naməlum şəxslər tərəfindən qarət edilib, futbolçuya küll miqdarda zərər vurulub.
Arena.az bu barədə TMZ dərgisinə istinadən məlumat verir.
Soyğunçuların çapıb-taladığı sərvət 500 min ABŞ dolları məbləğində qiymətləndirilir. Oğrular hələ ələ keçməyiblər. Polis bu istiqamətdə xüsusi təhqiqatla məşğuldur.
Oğurlanmış əşyalar arasında 10 ədəd kişi saatının da olduğu vurğulanır ki, bu da Jiruya dəymiş zərərin məbləğinin böyük hissəsini təşkil edir.
Olivye Jiru futbolçu karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Jiru “Los-Anceles”ə 2024-cü ilin iyul ayında “Milan”dan azad agent qismində tamhüquqlu əsasda qoşulub.
Fransız futbolçunun MLS klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Jiru “Los-Anceles” üçün 19 iyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Olivye Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 131 oyuna çıxıb, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı fransız veteran mərkəz hücumçusunun transfer dəyərini 2,50 milyon avro məbləğində qiymətləndirir.