"Fransisk güclü ağrılardan əziyyət çəkir və özəl söhbətlərdə bu dəfə sağ qalmayacağına əminliyini ifadə edib..."
Keçən həftə ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən Roma Papası Fransiskin vəziyyəti pisləşir, həkimlər onda ikitərəfli pnevmoniya aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Vatikanın mətbuat xidmətinin məlumatıma istinadən xəbər verir.
Məlumata görə, həkimlər 88 yaşlı Roma Papası Fransiskə ikitərəfli pnevmoniya diaqnozu qoyub və buna görə də ona dərman müalicəsi təyin edilib. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bununla belə, həkimlər vurğulayır ki, bronxoektaziya xəstəliyi və astmoid bronxit fonunda yaranmış polimikrob infeksiya kortikosteroidlər və antibiotiklərin tətbiqini tələb edir, bu da müalicəni çətinləşdirir.
"Bu gün günortadan sonra aparılan döş qəfəsi KT müayinəsi ikitərəfli pnevmoniyanın başlanğıc mərhələsini göstərib", - məlumatda qeyd edilib.
Müqəddəs Taxt-Tacın mətbuat xidməti Fransiskin çətinliklərə baxmayaraq yüksək əhval-ruhiyyədə olduğunu bildirib. Papa "müqəddəs ayinləri qəbul edib və gün ərzində istirahət, dua və oxu ilə məşğul olub". O, dəstəyə görə minnətdarlığını ifadə edib və onun üçün duaların davam etdirilməsini xahiş edib.
Fransiskin xəstəxanaya yerləşdirilməsinə nə səbəb olub?
Pontifikin fevralın 14-də "Agostino Gemelli" klinikasına yerləşdirilməsinin səbəbi uzun müddət davam edən bronxit olub. O, təcili şəkildə xəstəxanaya aparılıb və lazımi diaqnostik müayinələrdən keçib, həmçinin stasionar müalicəsini davam etdirib.
"Bu səhər keçirilən audiyensiyalardan sonra Papa Fransisk uzun müddətdir davam edən bronxit səbəbindən lazımi diaqnostik testlərdən keçmək və müalicəsini davam etdirmək üçün "Agostino Gemelli" klinikasına yerləşdiriləcək", - Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.
Roma Papası bir neçə gün bronxitdən əziyyət çəkdiyini özü də ictimai çıxışları zamanı etiraf edib. O, son iki ümumi audiyensiyada və digər tədbirlərdə hazırladığı nitqləri köməkçilərinin oxumasını xahiş edib.
Bu cür hadisələrdən biri fevralın 9-da Fransiskin Müqəddəs Pyotr meydanında silahlı qüvvələr, polis və təhlükəsizlik qüvvələrinin yubileyi münasibətilə etdiyi çıxış zamanı baş verib. Pontifik nitqinin yalnız başlanğıc hissəsini oxuya bilib, daha sonra isə mətni Papa Liturgik Mərasimlər magistri, arxiyepiskop Dieqo Ravelli davam etdirib.
"Politico" jurnalının məlumatına görə, 20 yaşında pontifik ağciyərinin bir hissəsini itirib və son illərdə onun sağlamlığı daha da zəifləyib. "Situasiyaya bələd olan iki şəxsin sözlərinə görə, Fransisk güclü ağrılardan əziyyət çəkir və özəl söhbətlərində bu dəfə sağ qalmayacağına əminliyini ifadə edib.
Bazar günü həkimlər Papaya adətən heç vaxt buraxmadığı bazar səhəri moizəsini oxumağı qadağan edərək onu məyus edib, hətta xəstəxanada olarkən belə bu ənənəni pozmayıb. İndi isə o, yalnız "həkimlərin göstərişlərinə uyğun" hərəkət edir", - mənbələrdən biri bildirib.
Digər mənbənin sözlərinə görə, Papa əvvəlcə xəstəxanaya getməkdən imtina edib, lakin ona açıq şəkildə bildirilib ki, əgər Vatikan otağında qalmağa davam etsə, həyatını itirə bilər, - "Politico" yazıb.