“Atalanta”nın hücumçusu Ademola Lukman onu gördüyü ən pis penalti vuranlardan biri hesab edən baş məşqçisi Canpyero Qasperininin cavabını verib.
Msport.az xəbər verir ki, nigeriyalı forvard bunun özünə qarşı hörmətsizlik olduğunu bildirib:
“Belə bir şey haqqında danışmaq məcburiyyətində qaldığım üçün məyusam. Məni günahkar elan etdilər, bu da məni incidir. Üstəlik bu, azarkeşlər üçün verdiyim əməyə hörmətsizlikdir.
Komanda həmişə birincidir, ona görə də dünən baş verənlər məni daha çox məyus edir. Oyun zamanı penalti vuran oyunçumuz zərbəni mənim yerinə yetirməyimi tapşırdı. Mən də komandaya dəstək olmaq üçün bu məsuliyyəti öz üzərimə götürdüm”.
Qeyd edək ki, Lukman Çempionlar Liqasının pley-off mərhələsində evdə “Brügge”yə 1:3 hesabı ilə uduzduqları cavab oyununda penaltini dəqiq yerinə yetirə bilməyib.