AZ

Milli Məclisdə görüş » AzadMedia.az


Fevralın 19-da Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ölkəmizdə səfərdə olan Qətər parlament nümayəndə heyəti ilə görüşü keçirilib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Qətər ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Rzayev qonaqları salamlayaraq, onların APA-nın Milli Məclisin evsahibliyi ilə keçirilən 15-ci plenar sessiyasında iştirakına görə təşəkkür edib. Ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla söz açan komitə sədri bildirib ki, Azərbaycan-Qətər dostluğu tarixi ənənələrə əsaslanır.
Tahir Rzayev Azərbaycan və Qətər Dövlətinin regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb, parlamentlərimiz arasında da səmərəli əlaqələrin olduğu bildirib, bu münasibətlərin daha da dərinləşdirilməsi imkanlarının mövcudluğunu diqqətə çatdırıb.
Qətər parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Əhməd Hitmi Əl-Hitmi APA-nın tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən danışıb. O, Asiya Parlament Assambleyası çərçivəsində artıq bir sıra məsələlərin həllini tapdığını məmnunluqla qeyd edib. Bildirib ki, Qətər dövləti APA-ya üzv dövlətlərlə, xüsusən də Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verir.
Görüşdə Milli Məclisin Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Anar İsgəndərov, Nigar Məmmədova, Pərvanə Vəliyeva, Vüqar Rəhimzadə və Qətər Şura Məclisinin üzvü Səud bin Casim əl-Buayneyn çıxış ediblər. Çıxış edənlər Azərbaycan və Qətər Dövləti arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Söhbət tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.


Seçilən
15
1
azadmedia.az

2Mənbələr