Uzun illər “Qarabağ”ın formasını geyinən Riçard Almeyda karyerasını vətənində davam etdirməyi qərara aldı.
Millimizin də şəfərini qorumağa imkan tapmış 35 yaşlı yarımmüdafiəçi bundan sonra “Primavera”nın uğurları üçün tər tökəcək ki, artıq yeni komandasında ilk oyuna çıxmağa imkan tapıb.
“Primavera” Riçardla müqavilə bağlamasını izləyicilərinə və azarkeşlərinə xüsusi şəkildə təqdim edib. Azərbaycan yığmasının sabiq üzvü haqqında ən xoş sözlər qeyd olunub:
“Yeni transfer “Primavera”da!
Böyük fəxr hissi ilə Riçard Almeydanın komandamıza keçidini elan etmək istəyirik.
Milliləşdirilmiş “azərbaycanlı” uzun illər Azərbaycan millisinin heyətində çıxış edib. Beynəlxalq arenalarda inanılmaz performans göstərərək ən böyük turnirlərdə çıxış edib ki, onların arasında Çempionlar Liqası da var.
Son illərin dəyişməz çempionu və avrokubokların mütəmadi iştirakçısı olan “Qarabağ”ın heyətində açar futbolçulardan sayılıb.
“Primavera”nın daha keyfiyyətli olması üçün artıq Riçard Almeyda da bizimlədir.
O, vaxtilə Braziliya və Portuqaliya liqalarında iştirak edib.
Xoş gəldin, Riçard”.
2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"ın formasını geyinən Riçard 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib.
9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
HƏBİB / SPORTİNFO.AZ