Satışların azalması fonunda, səhmləri son 1 ildə dəyərinin dörddə birindən çoxunu itirən "Nike" böhrandan çıxmaq üçün Kim Kardaşyanla əməkdaşlığa başlamaq qərarına gəlib.
Valyuta.Az "CNN"ə istinadən xəbər verir ki, tərəflər dünən "NikeSkims" adlı yeni brend üçün əməkdaşlıq edəcəklərini elan edibl. Məşhur moda sahibkarının formaverici geyim seriyası əsasında hazırlanan bu kolleksiya, mətbuata təqdim edilən məlumatda qeyd edildiyinə görə, "qadın idmançılar üçün innovativ yanaşma ilə qlobal fitnes və idman geyimləri sənayesində inqilab yaradacaq".
Yeni kolleksiya ilə bağlı ilkin detallar azdır, qiymət və görüntülər hələlik açıqlanmayıb. Bununla belə, "NikeSkims" brendinin bu yaz internetdə və seçilmiş mağazalarda satışa çıxarılacağı, 2026-cı ildə isə qlobal bazara təqdim ediləcəyi bildirilib.
Bu, "Nike" üçün bir ilkdir. Şirkət əvvəllər yeni brendlər yaratmaq üçün başqa şirkətlərlə tərəfdaşlıq etməyib, əsasən satınalmalar və ya məşhur idmançılarla (məsələn, Maykl Cordan) əməkdaşlıq edərək öz kolleksiyalarını inkişaf etdirib. Anlaşmanın maliyyə şərtləri isə açıqlanmayıb.
"Nike" "Skims"in "ortaq məhsul xətti" təklif etdiyini, lakin nəticədə daha böyük bir layihəyə qərar verildiyini bildirib. Şirkətin açıqlamasına görə, "NikeSkims" sadəcə bir tərəfdaşlıq deyil, qlobal fitnes və idman geyimləri sənayesində yeni standart müəyyən edəcək və geniş çeşiddə idman geyimləri, ayaqqabı və aksesuarlar təqdim edəcək.
Pərakəndə satış üzrə analitik və "GlobalData Retail"in icraçı direktoru Nil Saundersin fikrincə, bu yeni brend "Nike"ın idman geyimləri bazarında daha aktual olmasına kömək edəcək və şirkət bu sahədə "Lululemon" və "Alo" kimi rəqibləri ilə daha ciddi mübarizə aparacaq.
"Nəzəri olaraq, 'Nike' qadın geyimləri sahəsində öz brendini inkişaf etdirmək üçün lazım olan bütün bacarıqlara malikdir, lakin reallıqda o, hekayə anlatmaq, innovasiya etmək və istehlakçıları heyrətləndirmək qabiliyyətini müəyyən qədər itirib", – Saunders "CNN"ə açıqlamasında deyib. – "'Skims'lə əməkdaşlıq bu zəifliklərin bəzilərini aradan qaldırmağa kömək edəcək".
"Skims" Kim Kardaşyan üçün böyük uğur hekayəsinə çevrilib. Şəxsi kapitala məxsus bu şirkət 2023-cü ilin iyulunda 4 milyard dollar dəyərində qiymətləndirilib. "Skims" əvvəllər yalnız qadın geyimlərinə fokuslanmışdı, lakin sonradan kişi kolleksiyasını da təqdim edib və "NBA", "WNBA" və ABŞ Olimpiya komandası ilə sponsorluq sazişləri imzalayıb.
Eyni zamanda, "Nike" yeni yaranan "Hoka" və "On" kimi brendlərlə də ciddi rəqabət aparır. Üstəlik, müştərilərin alış vərdişləri dəyişir: onlar bahalı idman ayaqqabıları və geyimlərdən imtina edərək, əsas ehtiyaclara və konsertlər, səyahətlər üstünlük verirlər. Şirkət vəziyyəti düzəltmək üçün bu yaxınlarda baş direktorunu dəyişib.
"Nike" (NKE) son rübdə satışlarının 8% azaldığını açıqlayıb ki, bu da onun hələ də çətinliklər yaşadığını göstərir. Lakin Kim Kardaşyanla əməkdaşlıq xəbəri açıqlandıqdan sonra səhmləri təxminən 3% artıb. Bunun əksinə olaraq, "Lululemon" (LULU) səhmləri eyni faiz dərəcəsində dəyər itirib.
Rəhim