Millət vəkili: Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin banilərindən biri kimi zəngin irs qoyub getmişdir.
Qərbi Azərbaycan mədəniyyəti bütövlükdə Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Bu baxımdan Qərbi Azərbaycan mədəniyyətinin təbliği, dünya ictimaiyyətinə tanıdılması olduqca vacibdir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Şübhəsiz, bu, hər şeydən əvvəl, Qərbi Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan növbəti addımdır.
Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır: “Sərəncamda bildirildiyi kimi, o, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır. Bu mənada Prezident İlham Əliyevin Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd olunmasına dair imzaladığı Sərəncam olduqca təqdirəlayiqdir. Şübhəsiz, bu sənəd milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu, Qərbi Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği deməkdir. Bu, həm də Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin bu gün öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyinin göstəricisidir. Yeri gəlmişkən, son illərdə Aşıq Ələsgərin 200 illik, İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar, eləcə də Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması tarixi torpaqlarımızdakı mənəvi irsimizə sahib çıxmağımızın parlaq nümunələridir.
Unutmayaq ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini və mədəniyyət abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, bununla da həmin məkanlardan azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Bu Sərəncam həm də Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, erməni saxtakarlıqlarının ifşasına da xidmət edir”.
Həmsöhbətimiz vurğulayıb ki, ömrünün sonunadək teleqrafçı vəzifəsində çalışmış, peşəkar rəssam təhsili almamış Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin banilərindən biri kimi zəngin irs qoyub getmişdir: “Onun yaratdığı əsərlər təkcə bədii dəyəri ilə deyil, həm də milli kimliyimizi əks etdirməsi ilə fərqlənir. Fars, rus və fransız dillərinə bələd olan Mirzə Qədim İrəvani həm də yaradıcılığında Şərq və Qərb bədii ənənələrini daha uğurla birləşdirən rəssam kimi sənət tariximizə daxil olub.
Qeyd edək ki, rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Amma 1918-ci ildə hayların İrəvanda yaşayan azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı onların çoxu yoxa çıxıb. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatıb. Həmin sənət əsərlərindən ikisi Rusiya Dövlət Ermitajında (Sankt-Peterburq), biri Gürcüstan Dövlət İncəsənət Muzeyində (Tbilisi) saxlanılır. Yeri gəlmişkən, 2019-cu ildə Heydər Əliyev Mərkəzi tərəfindən Gürcüstan Milli İncəsənət Muzeyində Azərbaycan və Şərq kolleksiyalarından ibarət "Tarixin şah əsərləri" adlı sərgi keçirilmişdir. Həmin sərgi ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri də sərgilənmişdir. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaretləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınan bir rəssam olub. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini və həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən seramik plitələri yenidən boyamış şəxs olub.
Bu möhtəşəm sarayın keçmiş divar bəzəklərini bərpa etməklə yanaşı, Mirzə Qədim bəy burada bir neçə yeni əsər də yaradıb. Rəssamın Bakıda yaşayan qohumlarının verdikləri məlumata görə, Mirzə Qədim bu sarayda 2 metr hündürlüyü və 1 metr enində yağlı boya ilə portret çəkib. Tarixi sənədlər göstərir ki, 1918-ci ildə saray uçub dağıldığı zaman rəssamın portretləri divardan çıxarılıb Tiflisə gətirilib. Hazırda Gürcüstan Dövlət Muzeyində saxlanılan "Sərkərdə" adlı əsəri rəssamın bu saray üçün yaratdığı ən dəyərli əsərlərdəndir.
Ümumiyyətlə, rəssamın çəkdiyi portretləri Azərbaycan incəsənət tarixində yağlı boya ilə çəkilmiş ilk əsərlərdən saymaq olar. Onun sulu boya və qələmlə çəkilmiş 20 ədəd əsəri Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır. Həmin əsərlərdən "Fətəli şah ", “Qırqovul və güllər”, "Rəqqasə", "Dərviş", “Abbas Mirzə”, “Mah Tələt xanım”, “Vüculla Mirzə”, “Gənc qadın” və s. adlarını çəkmək olar.
Qeyd etdiyimiz kimi, Mirzə Qədim İrəvani tək kətan üzərində işləməyib. O, dəri və șüşə üzərində də böyük məharətlə əsərlər ərsəyə gətirib. Onun hazırda Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan bir əsəri bu baxımdan diqqətəlayiq və çox qiymətlidir. Həmin əsər ilk baxışda orta yüzillik Şərq əlyazmalarının üz qabığını xatırladır, əslində isə o, qovluq şəklində bir hədiyyədir. Qovluğun içərisində, sağ tərəfində güzgü bənd edilmiş, sol tərəfində isə bir kiși portreti çəkilmişdir. Portretin altındakı yazıdan bu rəsmin rus generalı Karvilinə həsr edildiyi bəlli olur. Qovluğun ornamental kompozisiyası öz üslub xüsusiyyətinə görə Şəkidə yerləşən Şəkixanovların evinin və Sərdar sarayının divar bəzəklərini xatırladır. Bundan başqa, qovluqda nəsx xətti ilə fars dilində Sədinin șeirlərindən götürülmüş beytlər və fransız dilində "Qədim bəy çəkmişdir" sözləri yazılmışdır.
Ülviyyə Həmzəyeva sonda deyib: “Biz rəssamlar da hamı kimi Qərbi Azərbaycana qayıdışımızı, həmçinin öz dövründə mədəniyyətimizə yeniliklər gətirmiş Mirzə Qədim İrəvaninin irsinin doğma şəhərində sərgilənəcəyi günü gözləyirik. Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu istiqamətdəki qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın heç də uzaqda olmadığını göstərir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”