“İstisu” mineral suyunun istehsalının bərpa edilməsindən sonra əsas hədəflərdən biri məhsulun xarici bazarlara çıxarılması olub. Bu məqsədlə təbii xəzinəmiz bir sıra ölkələrdə sərgilənib və təşviq olunub.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, Kəlbəcərin məşhur “İstisu”yunun ilk təqdim olunduğu xarici bazarlardan biri Gürcüstandır. Belə ki, işğal səbəbindən 27 illik fasilədən sonra şöhrətini özünə qaytarmaqda olan Azərbaycanın “İstisu”yu Gürcüstanda da əlçatan olub.
Bu zamana qədər Azərbaycanın “Sirab” və “Badamlı” kimi digər mineral suları Gürcüstana ixrac edilməyib. Bunun əsas səbəblərindən biri qonşu ölkədə yerli mineral su məhsullarının zəngin çeşidinin olmasıdır. “İstisu” Gürcüstan bazarına çıxarılmış Azərbaycanın ilk mineral suyu olub.
“İstisu”yun 0,5 litrlik və 1 litrlik plastik qabdakı çeşidləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) YDM şəbəkələrində fəaliyyət göstərən “Way Mart” mağazalarında alıcılara təklif olunur.
“Way Mart” şəbəkəsi SOCAR-ın 70-dən çox YDM-ni əhatə edir. Mağazaların assortimentləri yerli məhsullarla yanaşı, xarici eksklüziv məhsullardan ibarətdir. “İstisu” mağazaların rəflərində Gürcüstanın qazlı və qazsız mineral suları ilə yan-yana düzülüb. Əfsanəvi mineral suyumuzun Gürcüstanda da əlçatan olmasını görmək qürurverici hissdir.
Suların qiymətinə gəlincə, “İstisu”yun 0,5 litri 2,30 lariyə (1.39 AZN), 1 litri isə 3,20 lariyə (1.93 AZN) satılır.
Tbilisidəki “Way Mart” mağazalarından birinin meneceri bildirib ki, “İstisu” çeşidləri artıq ikinci həftədir müştərilərə təqdim olunur. Onun sözlərinə görə, məhsul yeni olduğundan ona maraq yüksəkdir. “İstisu” barədə menecerin özü də internet vasitəsilə məlumat əldə edib.
“Mağazamızın yerləşdiyi yanacaq doldurma məntəqəsi azərbaycanlıların sıx yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarına gedən yolun üzərindədir. Azərbaycanlılar “İstisu”ya böyük maraq göstərirlər və ən çox alıb aparanlar da onlardır. Bundan başqa, mağazamızın ətrafında yerləşən Gürcüstanın bir sıra dövlət qurumlarının əməkdaşları daimi müştərilərimizdir və yeni mineral su onların da diqqətini cəlb edib”.
Məlum olduğu kimi, Gürcüstan təbii mineral sularla zəngindir. Qonşu ölkənin dünyaca məşhur “Borjomi” suyu ilə yanaşı “Likani” və “Nabeqlavi” müalicəvi suları yerli müştərilərin etimadını çoxdan qazanıb. Bir sözlə, “İstisu"yun Gürcüstanda güclü “rəqibləri” var, qiymətinin də yerli mineral sularla müqayisədə yüksək olmasını nəzərə alsaq, rəqabətə davam gətirməsi asan olmayacaq. Lakin “İstisu” unikallığı ilə fərqlənir və Gürcüstan bazarında faydalılığını effektiv tanıtmaqla məhsulun cəlbediciliyini və tələbatını artırmaq mümkündür.
Xatırladaq ki, “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda başlanılıb. Qısa müddətdə Azərbaycanda və ölkə hüdudlarından kənarda rəğbət qazanıb. 1993-2020-ci illəri əhatə edən işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü il sentyabrında “İstisu” mineral su zavodunun açılışı olub və eyniadlı məhsulun yenidən istehsalına başlanılıb.