ABŞ-da iki təyyarə toqquşub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) məlumat yayıb.
Qeyd edilib ki, “Cessna 172S” və “Lancair 360 MK II” təyyarələri Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub. Tukson şəhərinin şimal-qərbindəki hava limanında baş verən qəzada təyyarələrdən biri sağ-salamat eniş edərkən digəri qəzaya uğrayaraq alovlanıb.
Marana Polis İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Marana Bələdiyyəsindən yaydığı açıqlamada təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin sağlamlıq vəziyyəti ilə bağlı məlumat verilməyib.
Rəsmilər, qəza araşdırması tamamlanana qədər hava limanının bağlı qalacağını açıqlayıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Marana Regional Hava Limanının “nəzarət olunmayan ərazi” olduğunu və aktiv hava hərəkətinə nəzarət qülləsinin olmadığını bəyan edib. Belə hava limanlarında pilotlar adətən digər təyyarələrlə ümumi tezlikdə əlaqə saxlayaraq eniş və qalxışlarını əlaqələndirirlər. Bununla belə, pilotlardan federal aviasiya qaydalarına riayət etmək tələb olunur.
Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan Milli Hava Limanında hərbi helikopterlə “American Airlines” təyyarəsinin toqquşması nəticəsində 67 nəfər həlak olub.
Bundan əlavə, Filadelfiyada hava təcili yardım təyyarəsinin qəzaya uğraması, Alyaskanın Nome şəhəri yaxınlığında 10 nəfərin öldüyü təyyarə qəzası, Skottsdeyldə uçuş-enmə zolağından çıxan şəxsi təyyarə və pilotun həyatını itirməsi, nəhayət, Torontoda eniş zamanı çevrilən Delta Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması diqqət çəkən hadisələrdir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”